“Heydər Əliyev Moskvada vəzifəyə seçiləndə ermənilər çaxnaşmaya düşmüşdülər” – Qərbi Azərbaycan Xronikası
Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.
“Report” xəbər verir ki, “Mənfur ermənilərin bizə olan nifrətinə görə rayona gedə bilmirdik” adlı veriliş Zənqəzur mahalı, Gorus rayonunun Ağbulaq kənd sakini Kifayət Nəzərovanın həyat hekayəsinə həsr olunub.
O, 1961-ci ildə anadan olduğunu, uşaqlıq və məktəb illərini, kənd həyatını xatırladıb: “Kəpəz dağının ətəyində yerləşən kəndimiz əsrarəngiz təbiətə malik idi. Uşaqlıqda çəmənliklərdə kitab oxuyar, meşəyə, əzgil, armud yığmağa gedər, palıd ağacında yellənərdik. Novruz bayramında babalarımızı, nənələrimizi, böyüklərimizi ziyarətə gedərdik, kosa bəziyərdik, qapılara torba atıb soğqat yığardıq. Ermənilərlə əhatə olunsaq da, hər zaman adət-ənənələrimizi qoruyub saxlayırdıq”.
Onun sözlərinə görə, ata babası əslən Gorusun Armudlu kəndindən olub və ermənilər oranı Danzaver adlandırıblar: “1918-ci ildə erməni mənfurları o kəndi zəbt ediblər. Babamgil 1918-ci ildə Qubadlının Göyərabas kəndinə qaçıb, sonra Ağbulaq kəndinə gəliblər. Ana babam həmişə danışardı ki, 1918-ci il müharibəsində biz cavan uşaqlar idik. Njdenin qorşunları gəlib Zaman təpəsi deyilən yerə yayılmışdı. Türklər gəlməsəydi oarada bir azərbaycanlı sağ qalmazdı. Türklər gələndən sonra daşnaklar zərərsizləşdirildi”.
Ağbulaq kənd sakini ermənilərin piss niyyətindən, qaçqınlıq illərində etdikləri vəhşilikdən də söz açıb: “1982-ci ildə Heydər Əliyev Nazirlər Kabineti sədrinin müavini seçilən zaman ermənilərin içinə çaxnaşma düşmüşdü: “Onlar o qədər pisniyyətli idilər ki, heç kimin yaxşılığını, iləli getməsini istəmirdilər. 1988-ci ildə kəndimizdə 2 cavan oğlanı qətlə yetirmişdilər. Anama baş çəkməyə gedən qardaşımı atəşə tutmuşdular, güllə çənəsini sıyırıb keçmişdi. 1988-ci ilin sentyabr, oktyabr aylarında camaata xəbərdarlıq ediblər ki, çıxın gedin, sizə pis olacaq. İnsanlar ev-eşiklərini, var-yoxlarını qoyub kəndi tərk etdilər. Aanam, bibilərim, xalalarım Qubadlıda yaşayan bibimin evinə sığındılar. 1992-1993-ci ildə Qubadlı işğal olunan zaman ikinci dəfə qaçqınlıq dövrü yaşadılar və Sumqayıta gəldilər”.
K.Nəzərova sonda doğma yurda qayıtmaq istədiyini bildirib: “Quş kimi uçub kəndimizə getmək istəyirəm. Ora ata-baba yurdumuzdur. İnanıram ki, öz yurdumuza, el-obamızaqayıdacağıq. Prezidentimiz İlham Əlyevin dediyi kimi, bizim bayrağımız Zəngəzur mahalında dalğalandığı kimi, bir gün o bayrağımız İrəvanda da dalğalanacaq”.
Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş mayın 9-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.




Mənbə: Report.Az