Heç bir ölkə kiberhücumlardan tam müdafiə oluna bilməz – RƏY
Media cəmiyyətin görən gözü, danışan dili, eşidən qulağıdır və informasiya məkanına edilən hücum, sərhəd tanımır. Heç bir ölkə bu hücumlardan tam müdafiə oluna bilməz.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib.
O qeyd edib ki, kiberhücumlar bir ölkənin daxili sabitliyini poza və cəmiyyətdə çaşqınlıq yarada bilər:
“Bu kimi hücumlara qarşı mübarizə yalnız dövlətin və ya jurnalistlərin vəzifəsi deyil, hərkəsin vəzifəsidir.
Azərbaycanın media resurslarına qarşı kiberhücumların artması, xüsusilə Rusiya ərazisindən qaynaqlandığı bildirilən hücumlar fonunda bu məsələ artıq təkcə texniki yox, həm də siyasi və strateji təhlükəsizlik problemi kimi qiymətləndirilməlidir. Bu istiqamətdə xüsusilə dövlət, media, o cümlədən özəl sektor arasında koordinasiya edilmiş kiberdayanıqlılıq sistemi qurula bilər”.
Nurlan Həsənov
Milli Məclisdə dezinformasiyalara, hibrid təhditlərə, kiber hücumlara operativ cavab verən, komissiyanın formalaşdırıldığını diqqətə çatdıran deputatın sözlərinə görə media sahəsində çalışan təşkilatlar bu mübarizədə qabaqcıl təcrübəni öz aralarında paylaşa bilərlər:
“Həmçinin məlumatlılığın artırılması, kiberdayanıqlılıq, informasiya məkanına hibrid hücumların müzakirə oluna biləcəyi bir platforma və ya birgə təşkilat yaradıla bilər. Bu sadəcə mənim tərəfimdən bir təklif olardı. O cümlədən redaksiya heyətləri və jurnalistlər kibertəhlükəsizlik, informasiya müharibələri, dezinformasiyanın tanınması və qarşısının alınması üzrə mütəmadi təlimlərdən keçirilə bilər.
Düşünürəm ki, bu kimi hücumlara qarşı durmaq üçün təhlükəsizlik – informasiya – diplomatiya – hüquq dördbucağında davamlı koordinasiyalı fəaliyyət vacibdir. Xüsusilə, bu hücumların ifşa olunması, ona qarşı hüquq çərçivəsinə mübarizə gələcəkdə bu kimi hücumların qarşısını almaq üçün önəmlidir. Bu istiqamətdə eyni zamanda dost ölkələrin təcrübəsinə də baxa bilərik”.
Mənbə: Report.Az