GÜNDƏM

BDM Gənclər Departamenti Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdi

bdmxeber.az xəbər verir ki, Beynəlxalq Diaspor Mərkəzi (BDM) Gənclər Departamentinin təşkilatçılığı ilə 30 mart 2025-ci il tarixində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Quba Soyqırımı Memorial Kompleksi ziyarət edildi.

Tədbir iştirakçıları öncəliklə Quba şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Daha sonra BDM sədri İsmayıl Ağayev tədbir iştirakçılarına 31 Mart – dünya azərbaycanlılarının soyqırımı və Ulu Öndərin 1998-ci ildə imzaladığı fərman haqqında məlumat verdi. Ardınca iştirakçılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək 1918-ci ildə erməni daşnak-bolşevik silahlı dəstələrinin xalqımıza qarşı törətdiyi qanlı soyqırımı aktlarını anıb, tarixi həqiqətləri bir daha xatırladılar. Şəhidlərin əziz xatirəsi yad edildi, ruhlarına dualar oxundu və məzarları üzərinə gül çələngi qoyuldu.

BDM sədri İsmayıl Ağayev çıxışında BDM Gənclər Departamentinin üzvlərinə deportasiya, soyqırım və Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün apardıqları silsilə tədbirlər haqqında məlumat verdi. Daha sonra çıxış edən BDM sədrinin birinci müavini, f.ü.f.d. Ceyhun Şakiroğlu, BDM Gənclər Departamentinin rəhbəri Ramal İsmayılov, BDM-in Quba nümayəndəliyinin rəhbəri Elşad Mehrəliyev və “Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Eynulla Xeyrullayev 31 Mart – Azərbaycanlıların Soyqırımı, tarixdə baş vermiş faciələr və Ali Baş Komandan İlham Əliyevin apardığı məqsədyönlü siyasət barədə fikirlərini bölüşdülər.

BDM Gənclər Departamentinin müavinləri və üzvləri – Ömər Abdullayev, Tariyel İsmayılov, Kənan Alızadə, Uğur Ağayev, Mikayıl Namazov, Pərvin Qasımova və Fidan Rüstəmova öz çıxışlarında gənclər olaraq xalqımızın başına gətirilən faciələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğuladılar.

Tədbir iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək 1918-ci ildə baş vermiş soyqırımla bağlı tarixi faktları əks etdirən şəkillərə və eksponatlara baxdılar. Onlar erməni daşnak-bolşevik qüvvələrinin xalqımıza qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat əldə etdilər. Ziyarət zamanı iştirakçılar soyqırımı pisləyən və erməni vandalizminə qarşı etirazlarını ifadə edən şüarlar səsləndirərək, tarixi ədalətin bərpasının vacibliyini vurğuladılar.

Tədbirin sonunda iştirakçılar xatirə şəkli çəkdirdilər və BDM-in Quba nümayəndəliyinin rəhbəri Elşad Mehrəliyevin təşkil etdiyi nahar yeməyində iştirak etdilər.

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir