bdmxeber.az xəbər verir ki, 29 mart 2025-ci il tarixində Beynəlxalq Diaspor Mərkəzinin Gənclər Departamentinin təşkilatçılığı ilə “Gənclər Tarixi Unutmur: 31 Mart Soyqırımı” adlı tədbir keçirildi. Bu tədbir, 31 Mart 1918-ci il soyqırımı haqqında gənclərin məlumatlılığını artırmaq, tarixi həqiqətləri unutdurmamaq və gənclərin bu mövzudakı məsuliyyətini vurğulamaq məqsədi daşıyırdı. Həmçinin, gənclərə bu tarixi faciənin önəmini anlatmaq və bu mövzuda düşüncələrini inkişaf etdirmək məqsədini güdürdü. Tədbirə geniş auditoriya qatıldı, iştirakçılar arasında gənclər, ictimaiyyət nümayəndələri və tarixçi alimlər yer alırdı.
Tədbir BDM Gənclər Departamentinin rəhbəri Ramal İsmayılovun giriş sözü ilə açıldı. Ramal İsmayılov, çıxışına başlamazdan əvvəl, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş və 31 Mart soyqırımında həyatını itirmiş şəhidlərimizin xatirəsini yad etmək üçün iştirakçıları bir dəqiqəlik sükutla sayğı göstərməyə dəvət etdi. Bu an, tədbirin ən dərin və səmimi anlarından biri oldu. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, tədbirə qatılanlar tərəfindən ürəkdən ifa olundu.
Ramal İsmayılov öz çıxışında, Beynəlxalq Diaspora Mərkəzinin və xüsusilə Gənclər Departamentinin həyata keçirdiyi fəaliyyətlərdən danışdı. O, bu tip tədbirlərin təşkilinin gənclər üçün böyük əhəmiyyət daşıdığını vurğuladı və 31 Mart Soyqırımının Azərbaycanın tarixi mübarizəsinin ayrılmaz bir hissəsi olduğunu qeyd etdi. Gəncləri bu tarixi faciənin yaddaşlardan silinməməsi üçün hər bir vətəndaşın üzərinə düşən vəzifələri yerinə yetirməyə çağırdı.
Çıxışçılardan Ömər Abdullayev, 31 Mart Soyqırımının Azərbaycana qarşı yönəlmiş böyük bir humanitar cinayət olduğunu qeyd edərək, həmin dövrün təhlilini təqdim etdi. O, soyqırımın fəsadları və bu faciənin xalqımızın tarixində oynadığı rolu izah etdi. Ömər Abdullayev, həmin dövrün xatirəsinin yaşadılmasının və hər bir gəncin bu tarixdən ibrət almasının vacibliyini vurğuladı.
Tarıyel İsmayılov isə soyqırımın müasir dövrdə gənclər tərəfindən daha çox mənimsənilməsinin əhəmiyyətinə toxundu. O, gəncləri bu mövzuda sosial mediada fəal olmağa, tarixi həqiqətləri paylaşmağa və dünyaya Azərbaycanın haqlı mövqeyini anlatmağa çağırdı. Tarıyel, xüsusilə gənclərin, bu hadisələrin yaşatılması üçün daha çox təşəbbüs göstərməli olduqlarını qeyd etdi və bu məqsədlə bir çox layihələrin həyata keçirilməsinin zəruriliyini bildirdi.
Kənan Alızadə isə, 31 Mart Soyqırımının dünya ictimaiyyətinə çatdırılmasının vacibliyinə diqqət çəkdi. O, həmçinin bu soyqırımı ilə bağlı beynəlxalq səviyyədə hüquqi mübarizələrin aparılmasının zəruriliyini vurğuladı və dünya ictimaiyyətinin Azərbaycanın tarixində baş verən bu cür faciələri tanımasının əhəmiyyətinə toxundu.
Mikayıl Namazov, 31 Mart Soyqırımı ilə bağlı tarixi materialların təhlilini və onun Azərbaycandakı gənclər tərəfindən düzgün şəkildə başa düşülməsinin vacibliyini vurğuladı. Mikayıl, bu mövzuda daha çox tədqiqat və müzakirələrin keçirilməsinin, tariximizlə bağlı məlumatlılığın artırılmasının vacib olduğunu bildirdi.
Pərvin Qasımova, soyqırımın nəticələrindən danışarkən, Azərbaycanın gələcək nəsillərinə 31 Mart soyqırımının dərslərinin verilməsinin əhəmiyyətini qeyd etdi. O, bu faciənin yalnız bir tarixi hadisə olmadığını, həm də milli ruhun, xalqın birliyinin və mübarizəsinin təcəssümü olduğunu bildirdi.
Fidan Rüstəmova isə, soyqırımın təbliğində gənclərin rolu haqqında danışdı və onların bu mövzuda aktiv olmalarının vacibliyini vurğuladı. Fidan, gənclərin sosial mediada bu mövzuda məlumat paylaşmalarını və tarixə daha dərindən yanaşmalarını önə çəkdi.
Ramal İsmayılov, Beynəlxalq Diaspora Mərkəzinin Gənclər Departamentinin Facebook-da yeni səhifəsinin yaradılacağını və bu vasitə ilə ölkəmizdən kənarda yaşayan soydaşlarımızla yaxından əlaqə quracaqlarını bildirdi. Bu addımın gənclərin diasporla əlaqələrini gücləndirəcəyinə, həmçinin 31 Mart Soyqırımı kimi önəmli məsələlərin dünya miqyasında daha yaxşı tanıdılmasına töhfə verəcəyini qeyd etdi.
Tədbirin sonunda, Beynəlxalq Diaspor Mərkəzi (BDM) 30 mart 2025-ci il tarixində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediləcəynə qərara alındı.