DİASPOR

Tatarıstanda Leninoqorsk şəhərinin Azərbaycan icmasının rəhbəri iftar süfrəsi təşkil edib

ELAZ.İNFO xəbər verir ki, martın 14-də Tatarıstan Respublikasının Leninoqorsk şəhəri və Leninoqorsk rayonunun Azərbaycan Milli-Mədəni Muxtariyyəti “Birlik” ictimai təşkilatının sədri, Tatarıstanın Leninoqorsk Bələdiyyə Dairəsinin Sovetinin deputatı, ictimai xadim, xeyriyyəçi Ramiz Məmmədov yerli “İxlas” məscidində iftar süfrəsi təşkil edib.

İftar süfrəsində 250-dən çox insan iştirak edib. Bunlar Leninoqorsk vilayətində yaşayan Azərbaycan icmasının nümayəndələri, veteranlar, ağsaqqallar, ictimai xadimlər, müsəlmanlardır.

Leninoqorsk rayonunun və “İxlas” məscidinin imamı Bulat Həzrət Raupovun qeyd etdiyi kimi, Ramazan ayı ərzində Leninoqorsk şəhər məscidində hər gün kollektiv iftar süfrəsi açılır və ənənəvi olaraq günlərin birində Leninoqorsk şəhərinin azərbaycanlı icması və Tacikistan Respublikasının Leninoqorsk rayonunun azərbaycanlı icması iftar süfrəsi təşkil edir.

“Bu il Ramiz Məmmədov öz adından və ailəsi adından 250 nəfərlik iftar açdı. Süfrədə 200 nəfər oturmuşdu – bunlar məscid camaatı, ağsaqqalar, yetimlər, kimsəsizlər, kasıblar idi. Həmçinin səhhəti ilə əlaqədar məscidə iftara gələ bilməyən 50 nəfərə iftar qutusu göndərilib.

Uca Allah iftar təşkilatçılarının bu müsəlmanları razı saldıqlarından qat-qat artıq qəbul edib onlara qaytarsın! Süfrələr dolu idi və qonaqlar çox razı qaldılar. Oruc tutanların hamısı sevindi və iftarın hazırlanmasına halal şərait yaradan Ramiz Məmmədova təşəkkür etdi”, – deyə Bulat həzrət Raupov bildirib.

Xatırladaq ki, martın 7-də Tatarıstanın müftisi Kamil həzrət Samiqullin Leninoqorskda olub. O, Leninoqorsk şəhərinin “İxlas” məscidində rayon imamları ilə görüş keçirib. Görüşdə 30-dan çox həzrət iştirak edib və Kamil Həzrətlə regionda dini fəaliyyətin həyata keçirilməsi və İslam dininin inkişafının aktual məsələləri müzakirə olunub.

Dindarlarla görüş rayon rəhbərinin “İxlas” məscidində təşkil etdiyi rayon iftar məclisində davam etdirilib. Bu tədbirdə hörmətli ağsaqqallar, rayon sahibkarları, müxtəlif təşkilatların rəhbərləri də iştirak edirdilər.

Qeyd edək ki, Leninoqorskda 31 məscid var ki, orada 34 imam və 25 müəllim çalışır. Bayram günlərində uşaqlar üçün mənəvi-sağlamlıq kursları keçirilir. Yayda 200, payız-qış aylarında isə 50 uşaq ora gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir