MÜSAHİBƏ

Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev “Həyatın Axarı” verilişinin qonağı oldu

15 mart 2025-ci il tarixində Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev YouTube platformasında hüquqşünas Türkel Süleymanlının təqdimatında yayımlanan “Həyatın Axarı” verilişinin qonağı oldu. Bu dəfə verilişin əsas mövzusu “Zəngəzur dəhlizi və Azərbaycan diasporu” idi.

bdmxeber.az xəbər verir ki, verilişin aparıcısı Türkel Süleymanlı Azərbaycan-Ermənistan münasibətlərinə toxunaraq geniş məlumat verdikdən sonra söhbəti Azərbaycan diasporunun fəaliyyəti mövzusuna yönəltdi. O, İsmayıl Ağayevə dünyada mövcud olan Azərbaycan diasporu, onun fəaliyyəti və qarşısında duran əsas vəzifələr barədə sual ünvanladı.

İsmayıl Ağayev cavabında Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində təşkilatlanmasından, onların milli maraqlarımız uğrunda birgə fəaliyyətindən və Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərdən geniş şəkildə danışdı. O, vurğuladı ki, Azərbaycan diasporu təkcə mədəniyyət və milli kimliyimizi qorumaqla kifayətlənmir, eyni zamanda, erməni təbliğatına qarşı mübarizə aparmaqda da önəmli rol oynayır.

Daha sonra İsmayıl Ağayev şəxsi döyüş yolu haqqında danışaraq, 1992-ci ildən başlayaraq Goranboy rayonunun Gülüstan kəndinin müdafiəsi uğrunda “Didərginlər” batalyonunun tərkibində yaxın qohumları və silahdaşları ilə birlikdə erməni işğalçılarına qarşı apardıqları mübarizədən bəhs etdi. O, həmin dövrdə Azərbaycan torpaqlarının müdafiəsi naminə canlarını fəda edən igid döyüşçülərin qəhrəmanlığını xüsusi vurğuladı.

İsmayıl Ağayev Beynəlxalq Diaspor Mərkəzinin 2008-ci ildən bu günə qədər ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi fəaliyyətlərdən də geniş danışdı. O, qeyd etdi ki, qurum illərdir Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli-mədəni irsimizin qorunması, erməni diasporunun yalan və iftiralarına qarşı effektiv mübarizə aparılması istiqamətində ardıcıl və prinsipial mövqe nümayiş etdirir.

Hörmətli tamaşaçılar, verilişin tam versiyasını izləmək üçün sizə təqdim edirik:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir