“Cənnət Yuxusu” filminin təqdimatı keçirildi
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən qədim və tarixi yurd yerimiz olan, Qafqazın ədəbi, mədəni, ictimai mühitinin əsas mərkəz şəhəri İrəvanda doğulub, boya başa çatmış görkəmli Azərbaycan portretçisi və ornamentalist rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin bu il 200 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalanmışdır.
Bu münasibətlə Heydər Əliyev mərkəzində zəmanəsinin məşhur rəssamı olan İrəvaninin həyat və yaradıcılığına həsr edilmiş “Cənnət Yuxusu” filminin təqdimatı keçirildi. Filmə baxdıqca ermənilərin və onların havadarlarının Azərbaycan xalqına qarşı məqsədyönlü siyasətindəki məkr və fitnə hiss edilir. Filmin hər bir süjeti, hər bir əsər xəyalları əcdadımızın doğma yurd-yerləri olan İrəvan mahalına, Qərbi Azərbaycanın bir-birindən gözəl mahallarına aparırdı.
İrəvaninin XIX əsrdə çəkdiyi əsərləri hələ də füsunkar, gözəl və təravətlidir. İrəvan Azərbaycan xalqının Qızıl Almasıdır. Gec tez Azərbaycan xalqı öz doğma torpağında itirilmiş hüquqlarını bərpa edəcəkdir. Regionumuzda görünən və görünməyən bütün yolların istiqaməti İrəvanadır. #İrəvanAzərbaycandır.

