Əlisa Cabbarov: Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir
Ayrılan pullar hesabda yığılıb qalıb, kino ictimaiyyəti bunun səbəbini bilmir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinerejissor Əlisa Cabbarov “Cinema Talks” çərçivəsində keçirilən panel müzakirədə bilidirib.
Onun sözlərinə görə, dövlət tərəfindən kino istesalı üçün ayrılan vəsait lazımi formada xərclənmir:
“Ayrılan pullar hesabda yığılıb qalıb. Bunun səbəbi nədir? Kino ictimaiyyəti bunu anlamır”.
Azərbaycan Respublikasının Kino Agentliyinin direktor vəzifəsini icra edən Orxan Fikrətoğlu isə iddiaya cavab olaraq bildirib ki, statistikaya əsaslanmaq lazımdır.
“Kinoya ayrılan vəsait lazımi istiqamətdə xərclənir. Bu yaxınlarda “44”, “Borc”, “Doğma torpaq” kimi filmlərin təqdimatı olacaq. Deyəndə, bunları da demək lazımdır”.
Xalq artisti Xalidə Quliyeva da sözügedən müzakirəyə münasibət bildirib. Aktrisa bildirib ki, bu gün kino sənayesindən danışılırsa, bu, çox gülməlidir:
“Çünki kino sənətdir. Bu gün hansısa erməni fiımi “Oscar” mükafatına təqdim olunacaq səviyyəyə qədər gedib çıxırsa, demək, orada adamı var. Bizim adamımız niyə yoxdur? Niyə o cür böyük təşkilatlarda biz də təmsil olunmuruq?”
Panel mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Mənbə: Report.Az