Növbəti bələdiyyə seçkiləri ölkənin ictimai-siyasi həyatında baş verən ən mühüm hadisələrdəndir
Növbəti bələdiyyə seçkiləri ölkənin ictimai-siyasi həyatında baş verən ən mühüm hadisələrdəndir
Ötən il bütün sahələrdə ölkəmiz yeni uğurlarla, nailiyyətlərlə yaddaşlarda iz qoyub. İşğaldan azad edilmiş ərizələrdə genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilib, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na yğun olaraq əhalinin doğma torpaqlarına qayıdışı mərhələli şəkildə təmin olunub.
Ölkənin bütün ərazisində qanunun aliliyinin təmin edilməsi və dövlət suverenliyinin bərpa olunması nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edilib.
Ötən il ölkəmizdə keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin və Milli Məclisə seçkilərin müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisini, o cümlədən işğaldan azad edilmiş torpaqları əhatə etməsi böyük qürur və iftixar hissi doğurur.
Eyni zamanda, 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə ölkədə iqlim dəyişmələrinə qarşı qlobal mübarizəyə dair aktual mövzularda silsilə tədbirlər təşkil olunub, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycan Respublikası yüksək səviyyədə və uğurla ev sahibliyi edib.
2024-cü ildə Azərbaycan Respublikasında bələdiyyələrin yaradılmasının 25 ilinin tamam olması, eləcə də 2025-ci il yanvarın 29-da keçirilmiş növbəti bələdiyyə seçkiləri ölkənin ictimai-siyasi həyatında baş verən ən mühüm hadisələrdəndir.
İl ərzində inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş 102831 (o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində – 2557) bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, nəticədə 99838 (97%) aktın qanunvericiliyə uyğun olduğu müəyyən edilib. Ümumilikdə həm aktlar, həm də müraciətlər üzrə inzibati nəzarət icraatı zamanı təklif verilmiş 2668 aktdan 1416-sı (53,1%) ləğv edilib, 1133-ü (42,5%) dəyişdirilib, 9 (0,3%) təklif üzrə məhkəmələrdə iddia qaldırılıb, 110 (4,1%) təklif isə baxılmaqdadır.
Verilmiş təklif və ya məhkəmə iddiaları əsasında bütövlükdə 9700 hektardan çox torpaq sahəsinin (o cümlədən 3376 ha örüş sahəsi) bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib.
Bələdiyyə fəaliyyəti ilə bağlı baxılmış 4337 müraciətdən 463-ü, o cümlədən xüsusi nəzarətdə saxlanılan şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının 450 müraciətindən 108-i təmin olunub.
2024-cü ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən bələdiyyələrin 77 vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib. İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 51 halda ciddi qanun pozuntuları ilə bağlı aidiyyəti üzrə istintaq orqanlarına müraciət olunub. Həmin materiallardan artıq 21-i üzrə cinayət işi başlanılıb.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 9 aylıq məlumatına əsasən, yerli büdcə gəlirlərinin artırılması istiqamətində görülmüş tədbirlər nəticəsində əvvəlki illə müqayisədə 2024-cü ildə yerli büdcə gəlirləri 7,1 milyon manat (18,6%), o cümlədən yerli vergilərdən daxil olmalar 3,4 milyon manat (21,2%) artıb.
2024-cü ildə Ədliyyə Nazirliyinin tövsiyəsi və metodiki köməkliyi ilə bir sıra bələdiyyələr tərəfindən yerli əhalinin rifahı naminə görülən işlər barədə broşürlər hazırlanaraq çap edilib və həmin bələdiyyələrin ərazisi üzrə vətəndaşlara paylanıb. Həmçinin kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyinin yerli özünüidarəetmə sahəsində gördüyü işlərlə bağlı 225 məlumat yayımlanıb.
2024-cü il ərzində ümumilikdə 295 maarifləndirmə tədbiri həyata keçirilib, bu tədbirlərdə 9 min nəfərə yaxın bələdiyyə nümayəndəsi iştirak edib. Həmçinin bələdiyyə aktları, eləcə də müraciətlərə baxılması zamanı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 14437 tövsiyə göndərilib.
Ötən il ərzində nazirliyin yerli özünüidarəetmə sahəsi ilə bağlı normativ hüquqi tənzimlənmənin təkmilləşdirilməsi istiqamətdə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib.
Eyni zamanda, mütərəqqi beynəlxalq təcrübə nəzərə alınaraq yerli özünüidarə fəaliyyətinin səmərəliliyinin artırılması, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılması, habelə yerli əhəmiyyətli məsələlərin həllində onların fəaliyyətinin genişlənməsinə, yerli sakinlərin məmnunluğunun təmin edilməsinə və dövlətin yerli problemlərin həlli sahəsində yükünün azalmasına şərait yaradılması məqsədilə “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1128-VIQD nömrəli Qanunu qəbul edilib və həmin dəyişikliklərdə ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrdə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər xüsusiyyətlər nəzərə alınmaqla digər bələdiyyəyə birləşməsi ilə bağlı yeni müddəa əks olunub və ölkə üzrə fəaliyyət göstərən bələdiyyələrin sayı birləşmə nəticəsində 1606-dan 685-ə endirilib.
Bələdiyyələrin birləşməsi yerli özünüidarəetmə fəaliyyətinin səmərəliliyinin artırılmasına, dayanıqlı və yüksək maliyyə imkanlarına malik yeni bələdiyyələrin yaradılmasına, habelə yerli əhəmiyyətli məsələlərin həllində onların fəaliyyətinin genişlənməsinə, yerli sakinlərin məmnunluğunun təmin edilməsinə və dövlətin yerli problemlərin həlli sahəsində yükünün azalmasına təkan verəcək.
İl ərzində xarici dövlətlərin yerli özünüidarəetmə orqanları, onların assosiasiyaları və ixtisaslaşdırılmış təşkilatları ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında səmərəli təcrübə mübadiləsi aparılıb, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri diqqətdə saxlanılaraq bir sıra tədbirlər keçirilib.
Toğrul Hüseynov
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini,
baş ədliyyə müşaviri
Mənbə: Meneviyyat.Az/