“Bu faciəni gələcək nəsillərə ötürmək bizim borcumuzdur” – Diaspor sədri ilə MÜSAHİBƏ
14.02.2025 tarixində bdmxeber.az portalının baş redaktoru: Dr. Ceyhun Şakiroğlunun
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayevlə olan müsahibəsi
Hörmətli bdmxeber.az oxucuları, müsahibim Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri İsmayıl Ağayevdir. İsmayıl müəllim vaxt ayırıb saytımıza müsahibə verdiyiniz üçün sizə dərin təşəkkürümü bildirirəm. İlk sualım belədir:
Beynəlxalq Diaspor Mərkəzi haqqında oxucularımıza qısa olaraq məlumat verə bilərsizmi?
Beynəlxalq Diaspor Mərkəzinin (BDM) əsası 2001-ci ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Diaspor Mərkəzi olaraq yaradılmışdır.
2008-ci ildə isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmışdır. BDM-in fəaliyyətinin əsas istiqamətləri Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması, işğal olunmuş torpaqlarımız, deportasiya və soyqırım məsələləri ilə bağlı həqiqətlərin yayılması, eləcə də tarixi, milli və mənəvi dəyərlərimizin təbliği istiqamətində aparılan işlərdir. Mərkəzimiz bütün fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin diaspor təşkilatlarımıza verdiyi tövsiyələrə və Azərbaycanın milli maraqlarının xarici ölkələrdə müdafiəsi ilə bağlı göstərişlərinə uyğun şəkildə qurmuşdur.
Qiymətli vaxtınızı alaraq bəzi görülən işləri qeyd etmək istəyirəm:
1. Çanaqqala şəhid olmuş azərbaycanlıların xatirəsinə BDM tərəfindən lövhə qoyulmuş və burada şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə abidə ucaldılması üçün işlər görülmüşdür;
2. Ermənistandan məcburi köçkün salınmış bir qrup azərbaycanlının hüquqlarının müdafiəsi məqsədilə ilk dəfə BDM tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunmuşdur;
3. Qondarma erməni soyqırımının tanıdılması iddiası ilə çıxış edən Fransaya qarşı Bakıda və Sankt-Peterburqda kütləvi aksiyalar təşkil edilmişdir;
4. Türkiyə-Ermənistan sərhədinin açılmasına qarşı İqdırda Əlican keçid məntəqəsi yaxınlığında etiraz aksiyaları keçirilmişdir;
5. Qars şəhərində Türk-erməni dostluq abidəsinin sökülməsi tələbi ilə aksiyalar təşkil edilmiş və bu istiqamətdə kampaniya aparılmışdır;
6. Ermənistandan deportasiya edilən azərbaycanlıların xatirəsinə həsr olunmuş anım gecələri, konfranslar və sərgilər təşkil edilmiş, bu tədbirlər həm ölkə daxilində, həm də ölkədən kənarda geniş miqyasda həyata keçirilmişdir;
7. Erməni əsirliyində saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı İstanbul, Ankara, Tiflis və digər şəhərlərdə etiraz aksiyaları təşkil edilmiş və eyni zamanda Praqa, Varşava və Sankt-Peterburqda konfranslar keçirilmişdir;
8. “Xocalıya ədalət” kampaniyasının çərçivəsində Almaniya, Çexiya, Avstriya, Polşa və Türkiyədə bir sıra konfranslar, sərgilər və digər mədəni tədbirlər həyata keçirilmişdir;
9. Xalqımızın qəhrəman oğlu Soltan bəy Paşabəyoğlunun Qarsın Koçköy kəndində məzarı üstündə xatirə lövhəsinin qoyulmuşdur;
Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən 2018-ci il cümhuriyyət ili elan olunmuş və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə BDM tərəfindən bir çox ölkələrdə nümayəndəliklərimizlə birlikdə bir sıra tədbirlər həyata keçirilmişdir.
Qeyd olunanlar fəaliyyətlərimizin yalnız bir qismini təşkil edir. Bildirmək istəyirəm ki, bu illər ərzində mərkəzimizin təşkilatçılığı ilə çex, rus, türk və hətta erməni dilində məlumatlandırıcı kitablar, bukletlər çap edilmiş və 5 sənədli film hazırlanmışdır.
BDM-in nəzdində “Diasporun Səsi” jurnalı nəşr olunmuş və hal-hazırda “bdmxeber.az” saytı fəaliyyət göstərməkdədir.
İsmayıl müəllim, Beynəlxalq Diaspor Mərkəzi olaraq deportasiya soyqırımı ilə bağlı hazırda hansı işlər görürsünüz?
Ümumiyyətlə, Azərbaycan türklərinin deportasiya soyqırımına məruz qalması geniş tarixə malikdir. Çox təəssüflər olsun ki, ermənilər hər zaman əldə vasitə olublar və onların başında da Rusiya durub. Çar Rusiyası dövründə ermənilər Azərbaycan torpaqlarını işğala məruz ediblər. İrəvanda, Zəngəzurda, Qars və İğdırda azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalıblar.
Bu hadisələrdən danışarkən ilk növbədə Azərbaycanın qəhrəman oğlanlarının adını çəkməmək mümkün deyil. Çox təəssüflər olsun ki, Azərbaycan tarixində hər zaman ermənilərin bizə qarşı törətdikləri soyqırımı faktlarını oxumuşuq. Ancaq azərbaycanlıların o zamanki qəhrəmanlıq məsələlərini az şəkildə, ştrix altından keçiriblər. Nəzərə alsaq ki, 1918-ci ildə Şaumyanın qoşunlarının Bakıda yerləşdiyi vaxtda Lalayanın, Andranikin qoşunlarının Zəngəzur qəzasından keçərək Azərbaycanda birləşməsinin qarşısını alan Sultan bəy Paşabəyov olub. Qanlı dərəsi adlanan yerdə Andranikin 30 min qoşunu darmadağın edilib. Bu ermənilərin tarixində ən dəhşətli bir iz buraxmışdı. Əgər o vaxt Andranikin və Lalayanın qoşunları birləşsəydi, ümumiyyətlə, bu gün Azərbaycan adlı bir məmləkətdən söhbət gedə bilməzdi. Məhz erməni tarixçiləri yazırlar ki, ermənilərin birləməşinin qarşısını alan Sultan bəyin qəhrəmanlığı erməniləri 100 il geri salıb.
BDM olaraq bizim tez-tez səfərlərimiz olur və mən xüsusilə qeyd etmək istərdim ki, prezidentimizin tapşırığı, Xarici İşlər Nazirliyinin dəstəyi ilə Azərbaycandan gedən, canlarını qurban verən şəhidimizin xatirə lövhəsi Çanaqqalada qoyulub. Bu bizim iftixar hissimiz olmalıdır. 1915-ci ildə azərbaycanlılar könüllü şəkildə orada şəhid olublar. Bundan əlavə biz Qarsda, İğdırda olan şəhidlərimizi də yad edirik. Azərbaycanın dəyərli, qeyrətli insanları erməni daşnaklarına qarşı mübarizə aparıblar. Təsəvvür edin ki, İğdır, Qarsda minlərlə azərbaycan türklərini şəhid edən ermənilər hazırda Ağrı dağını özlərinin simvolları hesab edirlər. O əraziləri qədim erməni torpaqları hesab edir, Türkiyənin ərazi bütövlüyünü tanımırlar.
Bu gün Azərbaycan diasporu ölkəmizin həqiqətlərini beynəlxalq səviyyədə dünya ictimaiyyətinə tam mənada çatdıra bilirmi? Ümumiyyətlə, diasporumuzun bu istiqamətdəki fəaliyyətini qənaətbəxş saymaq olarmı?
Son bir ildə Azərbaycan diasporunun beynəlxalq səviyyədə ölkəmizin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyətində müsbət dinamikanın müşahidə olunduğunu söyləmək olar. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra diasporumuzun daha təşkilatlanmış, məqsədyönlü və sistemli şəkildə fəaliyyət göstərdiyi nəzərə çarpır.
2023-2024-cü illər ərzində Azərbaycan diasporu bir neçə mühüm hadisə zamanı fəallıq nümayiş etdirdi. Xüsusilə:
Fransada və digər Qərb ölkələrində anti-Azərbaycan kampaniyalarına qarşı mübarizə – Fransanın bəzi siyasi dairələrinin ölkəmizə qarşı qərəzli mövqeyinə cavab olaraq diaspor təşkilatları müxtəlif aksiyalar, müraciətlər və diplomatik səviyyədə fəaliyyət göstərdi. Xüsusilə, Parisdə və digər şəhərlərdə keçirilən etiraz aksiyaları, media və ictimaiyyət arasında aparılan məlumatlandırma kampaniyaları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.
Qarabağın reinteqrasiyası və Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi ilə bağlı həqiqətlərin yayılması – 2023-cü ilin sentyabrında lokal antiterror tədbirlərindən sonra Azərbaycan diasporu Qarabağda həyata keçirilən reinteqrasiya prosesini beynəlxalq ictimaiyyətə izah etmək üçün aktiv şəkildə çalışdı. BMT və digər beynəlxalq təşkilatların üzvlərinə məktublar göndərildi, konfranslar təşkil olundu və media vasitəsilə düzgün informasiya verildi.
Ermənistanın saxta “blokada” iddialarına qarşı diasporun fəaliyyəti – 2023-cü ildə Laçın yolu ətrafında Ermənistan tərəfindən aparılan saxta “humanitar böhran” təbliğatına qarşı Azərbaycan diasporu faktlarla cavab verdi. Xüsusilə, ABŞ, Almaniya, Kanada və digər ölkələrdə keçirilən tədbirlərdə Azərbaycan həqiqətləri çatdırıldı.
Beynəlxalq tədbirlərdə iştirak və lobbiçilik fəaliyyətinin güclənməsi – Azərbaycan diaspor təşkilatları müxtəlif beynəlxalq forumlarda, konfranslarda iştirak edərək ölkəmizin maraqlarını müdafiə etdi. Eyni zamanda, Azərbaycanın dost ölkələri ilə əlaqələrin daha da möhkəmlənməsi üçün diasporumuz mühüm diplomatik addımlar atdı.
Azər Kərimov Azərbaycanın Beynəlxalq Diaspor Mərkəzinin (BDM) Avropadakı təmsilçisidir və Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. O, 2016-cı ildə keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak etmiş və Avropa ilə dünyada Azərbaycan lobbiçiliyinin gücləndirilməsi sahəsində aktiv fəaliyyət göstərir. Altı xarici dili mükəmməl bilir. Azər Kərimov Çexiya-Azərbaycan münasibətlərinin inkişafına da müsbət töhfələr verib. İki ölkə arasında aktiv fəaliyyətinə görə Çexiya prezidentləri Vatslav Klaus və Miloş Zeman, eləcə də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən minnətdarlıq məktubu alıb.
Azər müəllimin Avropada ölkəmizi yüksək səviyyədə təmsil etməsini alqışlayırıq. Unutmamaq lazımdır ki, o, erməni daşnaklarına qarşı vuruşmuş xalq qəhrəmanı Məşədi Qasımın nəvəsi, şair Qəmgin Fəzinin (Fəzi Kərimov) oğludur. Qardaşı Yasif Kərimov Birinci Qarabağ müharibəsində şəhid olub.
Bu müsbət tendensiya göstərir ki, Azərbaycan diasporu son bir ildə daha çevik və təsirli fəaliyyət göstərməyə başlayıb. Burada, təbii ki, Diasporla İş üzrə Dövlət Komitəsinin rolu böyükdür. QHT-lər də bu prosesə aktiv şəkildə qoşulub, Azərbaycanın maraqlarını müdafiə etmək üçün birlik nümayiş etdiriblər. Bununla belə, görüləsi işlər hələ də çoxdur. Xüsusilə, informasiya müharibəsində daha sistemli strategiyaların tətbiqi, müxtəlif ölkələrdə diaspor təşkilatlarının daha da gücləndirilməsi və lobbiçilik fəaliyyətinin dərinləşdirilməsi vacib məsələlərdəndir. Lakin ümumi mənzərə göstərir ki, Azərbaycan diasporu əvvəlki illərlə müqayisədə daha aktiv və səmərəli fəaliyyət göstərir.
Bununla yanaşı, Qərbi Azərbaycan İcmasının Sabunçu rayon üzrə nümayəndəliyinin sədri Ələmdar Nəbiyevi xüsusi qeyd etmək istəyirəm. Ələmdar müəllim idarə heyətimizin üzvüdür. O, 2008-ci ildən etibarən bizimlə bərabər ölkəmizdə və ölkəmizdən kənarda keçirilən tədbirlərə öz maddi və mənəvi dəstəyini əsirgəməmiş, erməni diasporuna qarşı mübarizədə ön sıralarda olmuşdur.
Bizim diaspor təşkilatımızda Azər Kərimov, Ələmdar Nəbiyev və onların timsalında onlarla fədakar dostlarımız var ki, fəaliyyətimizə böyük töhfələr verirlər.
Yeri gəlmişkən, ASİM-DER – “İğdır Asılsız Erməni İddiaları ilə Mücadilə Dərnəyi” və onun başqanı Göksel Gülbey haqqında da bir neçə söz demək istəyirəm. Bu təşkilat qondarma erməni soyqırımı ilə bağlı aparılan kampaniyalara qarşı hər zaman öncüllük edib və bu istiqamətdə bizimlə də aktiv əməkdaşlıq edir. ASİM-DER həm Türkiyədə, həm də beynəlxalq arenada erməni diasporunun fəaliyyətinə qarşı ciddi mübarizə apararaq, sözün əsl mənasında onların qarşısında bir maneəyə çevrilib. Onlara haqq mübarizəsində uğurlar arzulayırıq.
İsmayıl müəllim, icazənizlə son sualımı vermək istəyirəm: Qərbi Azərbaycan İcmasının, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıtmaq hüququnun beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunması istiqamətindəki fəaliyyətini bir diaspora sədri kimi necə qiymətləndirirsiniz?
Qərbi Azərbaycan İcması, öz tarixi torpaqlarına qayıdış hüququnun beynəlxalq ictimaiyyət tərəfindən tanınması və bu məsələnin dünya səviyyəsində gündəmə gətirilməsi sahəsində mühüm addımlar atmışdır. Diaspora təşkilatları, dövlətin yönəldiyi siyasətə uyğun olaraq, bu istiqamətdə təbliğat və hüquqi mübarizəni davam etdirir.
Bir diaspora sədr kimi bu fəaliyyəti yüksək qiymətləndirirəm. İlk növbədə, icmanın fəallığı və təşkilatlanma səviyyəsi diqqətəlayiqdir. Qərbi Azərbaycan İcması yalnız Azərbaycanın daxili məsələlərində deyil, həm də beynəlxalq müstəvidə böyük təsir gücünə malikdir. Diaspora təşkilatları, həmçinin hüquqi müstəvidə bu məsələnin gündəmə gətirilməsi üçün hüquqi və diplomatik təşəbbüslər irəli sürmüş, beynəlxalq təşkilatlarda bu məsələyə dair tədbirlər təşkil etmişlər. İcmanın rəhbərliyi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərlinin rəhbərliyi altında Rayon və kənd icmaları fəaliyyət göstərir ki, onların fəaliyyəti təqdirə layiqdir. Misal olaraq, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma sədri, professor Mahirə Hüseynovanın fəaliyyətini xüsusilə qeyd etmək istərdim. Mahirə xanımın rəhbərliyi altında rayon və kənd icmaları sistemli və təqdirəlayiq bir fəaliyyət göstərir. Və o cümlədən, bizim Paşalı rayon icmamızın sədri, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı rayon İcmasının sədri, a.e.ü.f.d., dosent Faiq Xudayevə və onun rəhbərliyi altında çalışan, mənim də anadan olduğum Terp kəndimizin icma sədri Ceyhunə Şirəliyevaya və İstisu İcmasının sədri, folklorşünas alim, el ağsaqqalı Alı Alıyev gücə-gündüz dayanmadan çalışdıqları üçün bdmxeber.az portalı vasitəsiylə onlara təşəkkürümü bildirirəm.
İcmanın fəaliyyəti belə deməyə əsas verir ki, qərbi azərbaycanlılar öz doğma ata-baba yurdlarına mütləq qayıdacaqdır. Çünki bizdə dövrü və zamanı düzgün dəyərləndirən, daima xalqından güc alan ali baş komandanımız İlham Əliyev var. Biz, qərbi azərbaycanlılar, ali baş komandanımıza güvənərək deyirik: “Biz mütləq o torpaqlara qayıdacağıq.”, “Bu faciəni gələcək nəsillərə ötürmək bizim borcumuzdur”.
İsmayıl müəllim, vaxt ayırıb bdmxeber.az portalına müsahibə verdiyiniz üçün təşəkkür edirəm.
Ceyhun müəllim, mən də sizə təşəkkür edirəm. Uğurlarınız bol olsun.