BDM-in ofisində Paşalı rayonunun icma sədrlərinin növbəti görüşü keçirildi
bdmxeber.az xəbər verir ki, 14 fevral 2025-ci il tarixində keçirilən görüşdə icmaların fəaliyyəti, qarşıda duran hədəflər və Qərbi Azərbaycan icmasının təşkilatlanması ilə bağlı müzakirələr aparıldı. Görüşün əsas məqsədi, Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində icmaların daha sıx əməkdaşlıq etməsi və fəaliyyətlərinin effektiv şəkildə koordinasiya olunması idi.
Paşalı Rayon İcmasının sədri Faiq Xudayevin rəhbərliyi altında baş tutan bu görüşdə icma sədrləri, eləcə də Qərbi Azərbaycan İcmasının nüfuzlu nümayəndələri iştirak etdilər. Tədbir zamanı Beynəlxalq Diaspor Mərkəzi ilə Qərbi Azərbaycanın Paşalı Rayonunun nümayəndələri arasında bir sıra mühüm məsələlər müzakirə edildi. Xüsusilə, bölgədə diaspor fəaliyyətinin daha da gücləndirilməsi, icmaların təşkilatlanma prosesinin sürətləndirilməsi, Vətənə qayıdış konsepsiyasının həyata keçirilməsi və soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində atılacaq addımlar ətrafında geniş fikir mübadiləsi aparıldı.
Görüş çərçivəsində iştirakçılar BDM ilə Paşalı Rayon İcması arasında daha sıx əməkdaşlıq edilməsinin vacibliyini vurğuladılar. Bu əməkdaşlığın, xüsusilə Qərbi Azərbaycan icmasının hüquqlarının müdafiəsi, ictimai-siyasi proseslərdə aktiv iştirak və beynəlxalq səviyyədə təbliğat işlərinin gücləndirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edildi. Görüşün sonunda qərara alındı ki, Beynəlxalq Diaspor Mərkəzi ilə Paşalı Rayon İcması arasında davamlı iş birliyi qurulsun və birgə mübarizə aparılsın.
Tədbirdə çıxış edən BDM-in müşaviri Zəkiyyə xanım əməkdaşlığın əhəmiyyətinə toxunaraq, bu birlik və həmrəyliyin gələcək fəaliyyətlərə müsbət təsir göstərəcəyini vurğuladı. O, Qərbi Azərbaycan icmasının hüquqlarının qorunması, tarixi torpaqlarımıza qayıdış strategiyasının həyata keçirilməsi və soydaşlarımızın təşkilatlanmasının gücləndirilməsi üçün birgə fəaliyyətin vacibliyini xüsusi qeyd etdi.
Sonda iştirakçılar qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində konkret təkliflər irəli sürdülər və gələcək fəaliyyətlər üçün ortaq yol xəritəsinin hazırlanması barədə razılığa gəldilər. Görüş, qarşılıqlı razılaşmalar və birlik mesajları ilə yekunlaşdı.