DİASPOR

“Azərbaycan və Somali arasında imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin daha da inkişafına təkan verəcək”

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun iki ölkə rasında münasibətlərin tarixində ilk dəfə ölkəmizə rəsmi səfərə gəlməsi iki ölkə arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Xatırladaq ki, Azərbaycan – Somali diplomatik əlaqələri 2004-cü il mart ayının 22-də qurulub.  Hər iki ölkə  arasında qarşılıqlı maraqlara hörmət prinsipinə əsaslanan münasibətlər bu gün yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan və Somali İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı hörmətə, dəstəyə və həmrəyliyə əsaslanan mühüm əməkdaşlıq əlaqələrinə malikdir. Fevral ayının 12-də Bakıda imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyi şübhəsizdir.

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, iki ölkə arasında münasibətlərin möhkəmlənməsinə ötən dövr ərzində, xüsusilə son illərdəki təmasların artması mühüm təsir göstərib. Azərbaycan-Somali təmaslarının artması əməkdaşlıq perspektivlərinin müzakirəsində faydalı rol oynayır. Bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir. Somali Prezidenti Hasan Şeyx Mahmudun ölkəmizə səfəri çərçivəsində qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın perspektivləri geniş müzakirə olunub.  Qeyd etmək lazımdır ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. cənab Prezident mətbuata verdiyi bəyanatda Azərbaycanın müdafiə avadanlıqlarının istehsalı sahəsindəki təcrübəsini vurğulayaraq  deyib: “…Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, sabah, həmçinin xüsusi təyinatlılarımız cənab Prezidentə təqdim olunacaq. Bir sözlə, düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır”.

Prezidentlərin mətbuata bəyanatı zamanı dövlətimizin başçısı Azərbaycanın Somaliyə sərmayə yatırmaq perspektivlərindən də bəhs edib. Təbii ki, bu fakt çox önəmlidir. Çünki Azərbaycan sərmayəsi bu ölkənin inkişafında vacib rol oynayacaq. Eyni zamanda, Somali Prezidenti Azərbaycanın inkişaf modelini yüksək qiymətləndirib və bu təcrübənin ölkəsində tətbiq etmək niyyətini ifadə edib.

Millət vəkili Tamam Cəfərova Azərbaycan və Somali arasında ikitərəfli münasibətlərdə təhsilə xüsusi önəm verildiyini deyib: “İki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də təhsildir. Bu istiqamətdə artıq, müəyyən nailiyyətlər əldə olunub. Beləki, bir neçə tələbə Heydər Əliyev adına təqaüd əsasında ölkəmizdə təhsil alır. Qeyd edək ki, bu istiqamətdə işlər davam etdirilir və gələcəkdə bu say daha artacaq. Şübhəsiz ki, Somalili tələbələrin Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrində müasir təhsil proqramlarına çıxış imkanı əldə etmələri, cənab Prezidentin də dediyi kimi Somalinin iqtisadi inkişafına töhfə verəcək.

Bütün bu məqamları nəzərə alaraq, qeyd etmək lazımdır ki, Azərbaycan və Somali arasında imzalanmış sənədlər iki ölkə arasında əlaqələrin daha da inkişafına təkan verəcək.

Mənbə: Diaspornews.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir