Səfirlik: Azərbaycanın Ukraynaya ayırdığı humanitar yardım həyati əhəmiyyət kəsb edir
Ukrayna Azərbaycana və şəxsən ölkə Prezidenti İlham Əliyevə növbəti humanitar yardım partiyasına görə dərin minnətdarlığını bildirir. Bu dəstək Ukrayna xalqı və ölkə iqtisadiyyatının fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edir.
“Report”un yerli bürosunun məlumatına görə, bunu jurnalistlərə Ukrayna səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Klınçenko bildirib.
Humanitar yardım partiyası Sumqayıtdan Ukrayna səfirlik əməkdaşlarının iştirakı ilə həyata keçirilib.
“Bu yardım həqiqətən Ukrayna xalqını, insan həyatlarını xilas edir və iqtisadiyyatımızın fəaliyyətini təmin edir. Bir müddət əvvəl Davos forumunda prezidentlər Volodimir Zelenski və İlham Əliyev görüşdülər. Bu görüş bizim strateji tərəfdaşlığımıza zəmanət verən növbəti hadisə, əlaqələrimizin möhkəm təmələ malik olduğunun göstəricisi oldu”, – o bildirib.
O.Klınçenkonun sözlərinə görə, yeni yardım partiyasının göndərilməsinin Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 33-cü ildönümünün qeyd olunduğu tarixə təsadüf etməsi əlamətdardır.
“Regional sabitliyin, sülhün və ticarət əməkdaşlığının təmin edilməsi, inkişafı və zəmanəti üzrə məqsədlərimiz var. Aramızda ticarətin daha mürəkkəb, daha kompleks hala gəlməsini görməkdən məmnunuq ki, bu da həm Azərbaycan, həm də bizim üçün faydalıdır”, – o əlavə edib.
Mənbə: Report.Az