Milli Məclisin Komitə sədri Rauf Zeyniyə yubiley təbriki ünvanladı
Fazil Mustafa Rauf Zeynini təbrik edib
Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeynini 65 illik yubileyi ilə bağlı təbrik edib.
bdmxeber.az saytı QHT.az-a istinadən xəbər verir ki, təbrik məktubunda tanınmış ictimai xadimin həyat yolu və ictimai fəaliyyətinin ən ümdə məqamlarına vurğular edilib:
Hörmətli Rauf müəllim,
Sizi 65 illik yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, şəxsi və ictimai həyatda yeni uğurlar diləyirəm!
Siz Azərbaycanın qədim və tarixi ərazisi olan Zəngəzur mahalının Qarakilsə elinin Vağudi kəndində doğulmusunuz. Sonra taleyinizi Sumqayıt şəhərinə bağlamısınız; gənclik illəriniz də daxil olmaqla, ömrünüzün ən qaynar dönəmi Gənclik şəhəri ilə sıx bağlı olub.
Ali təhsilinizi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində almısınız; 1998-2001-ci illərdə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə ikinci ali təhsilə yiyələnmisiniz.
Siz pedaqoji fəaliyyətlə yanaşı, həm də ictimai-siyasi həyatda, o cümlədən vətəndaş cəmiyyəti institutlarının fəaliyyətində yaxından iştirak etmisiniz.
1990-1995-ci illərdə Sumqayıt şəhər Xalq Deputatlar Sovetinin üzvü, 1992-ci ildən sədr müavini olmusunuz.
2002-ci ildən başlayaraq, bir sıra önəmli ictimai və diaspor qurumlarına başçılıq etmisiniz. Milli QHT Forumu Diaspor Mərkəzinin, habelə Demokratik Seçki Mərkəzinin sədri olaraq, çoxsaylı uğurlu layihələr həyata keçirmisiniz.
Siz 2008-2024-cü illərdə Milli QHT Forumunun prezidenti, 2011-2024-cü illərdə Narkomanlığa və Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının üzvü olmusunuz.
Həmçinin, müxtəlif mərkəzi icra hakimiyyəti orqanları yanında İctimai şuraların üzvü, Şura sədri olaraq, ictimai faydalı fəaliyyətinizlə seçilmisiniz.
Hazırda Bakı QHT Resurs və Təlim Mərkəzinin sədrisiniz.
Sizi yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm.