Dünya azərbaycanlılarının birliyinin təcəssümü
Prezident İlham Əliyev xaricdəki azərbaycanlıların ideoloji birliyini ön plana çıxarmışdır
Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin əsas prioritet məsələlərindən biri xalqın birliyi və həmrəyliyidir. Bu, həm ölkə daxilində, həm də dünya azərbaycanlarının birləşməsi üçün çox önəmli bir məsələdir. Müstəqil Azərbaycan dövlətinin yaranması ilə milli ideologiyanın, xüsusilə də azərbaycançılıq ideologiyasının dövlət siyasəti səviyyəsinə qaldırılması zərurəti ortaya çıxdı. Bu ideologiya, dövlətin milli təməlini möhkəmləndirmək məqsədilə, dövlətin əsas ideologiyası kimi qəbul edildi.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci ildə Naxçıvanda dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis olunması məsələsi irəli sürüldü. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir. Bu qərar dünya azərbaycanlılarının hər ilin sonunda bir araya toplanaraq hədəflərini müəyyənləşdirmələri məqsədini güdürdü. Həmrəylik, artıq milli siyasət səviyyəsində yüksəldildi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən atılan addımlar diaspor siyasətinin nəticələrini açıq şəkildə göstərir. Ulu Öndər Heydər Əliyev necə ki, dünya azərbaycanlılarının birliyi məsələsinə diqqət yetirirdisə, Prezident İlham Əliyev də bu siyasəti davam etdirərək xaricdəki azərbaycanlıların ideoloji birliyini ön plana çıxarmışdır. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
Azərbaycançılıq ideologiyasına sadiqlik, xalqın birliyi və sevgi münasibətləri ilə bağlıdır. İnsanlar öz həmrəyliyi ilə ictimai-siyasi proseslərdə vətənə bağlılıqlarını nümayiş etdirir, xarici ölkələrdə də bir-birini dəstəkləyirlər. Bunu 44 günlük Vətən müharibəsində bir daha gördük. Həmin günlərdə bütün dünya azərbaycanlıları bir araya gələrək, Cənab Prezident İlham Əliyevin çağırışına səs verdilər. “Dəmir yumruq” ifadəsi ətrafında birləşərək, xalqımızın milli-mənəvi birliyini nümayiş etdirdilər. – Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi.
Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün səylərini əsirgəmədilər. “Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur”, – deyə İlham Əliyevin təbrikində bildirib.
Bu müharibə, dünya azərbaycanlılarının birliyinin təcəssümü və azərbaycançılıq ideologiyasına olan sadiqliyin göstəricisi oldu. Xalqımız, milli ideologiyasına əsaslanaraq, dövlətinə, xalqına və vətəninə olan sevgisini bir daha göstərdi. Azərbaycançılıq ideologiyasının əsas xüsusiyyətlərindən biri də Vətənə olan məhəbbət hissinin formalaşmasıdır.
Xaricdə Azərbaycan diasporunun yaranması, formalaşması və inkişafı Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Dövlətimiz öz diasporuna hər zaman dəstək verir, onun inkişafını təşviq edir və bu məqsədlə müvafiq qurumlar fəaliyyət göstərir. Diaspor üzvlərinin xaricdəki fəaliyyətinə maddi və mənəvi dəstək göstərilir. Bu səbəbdən, xaricdəki azərbaycanlılar yaşadıqları ölkələrdə Azərbaycanın tanıdılması üçün müxtəlif tədbirlər təşkil edirlər. Bu tədbirlər, ölkəmizin beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayır. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirir, Azərbaycanın, xalqımızın tarixini yazır və nəsillərdən-nəsillərə ötürürlər.
Eyni zamanda, Azərbaycan diasporu dünyaya öz kimliyini tanıdır. Müstəqilliyə qovuşduqdan sonra diaspor siyasətimiz zamanla dəyişib. Əvvəlki dövrlərdə Azərbaycan diasporu ölkəmizin tanıtımında passiv bir rola malik idisə, indi artıq aktiv və hücum mövqeyindədir. Çünki erməni lobisi davamlı olaraq Azərbaycana qarşı qarayaxma kampaniyaları aparır. Təəssüf ki, bu işdə Azərbaycanı sevməyən bəzi ölkələr də onlara dəstək verirlər. Buna görə də, Azərbaycana qarşı olan bu kampaniyalara qarşı ciddi mübarizə aparmaq vacibdir.
Azərbaycan diasporu yeni strategiyalar və taktikalara ehtiyac duyur. Erməni lobbisinə cavab tədbirləri təkcə onların fəaliyyətini məhdudlaşdırmaqla kifayətlənməməli, eyni zamanda, onların təsirini azaltmağa yönəlmiş daha aktiv layihələr həyata keçirilməlidir. Bu prosesdə birlik və həmrəylik önəmlidir. Erməni lobbisinin qarşısını almaq, onların fəaliyyətinə qarşı önləyici tədbirlər görmək lazımdır. Ümumilikdə, Azərbaycan diasporu milli müqavimətini gücləndirməli və daha təsirli kampaniyalar həyata keçirməlidir.
Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent