“Adamın dibi” şeirlər kitabının təqdimatı olub
Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Səbuhi Zamanın “Adamin Dibi” adlı kitabının təqdimat mərasimi keçirilib. Təqdimatda ölkəmizin ictimai-siyasi, incəsənət xadimləri, millət vəkilləri, Türkiyə və Azərbaycanın tanınmış iş adamları, ədəbiyyatsevərlər, şairlər, yazıçılar, KİV və QHT nümayəndələri iştirak ediblər.
İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, tədbir “Ümid yeri” Uşaq Sığınacağına dəstək məqsədilə təşkil olunub.
Kitabda Səbuhi Zamanın duyğuları, düşüncələri yer alıb. Müəllifin şeirlərində, insanın daxili aləmi, cəmiyyətin sosial və mənəvi həyatı ilə bağlı fəlsəfi fikirlər öz əksini tapıb. “Adamin Dibi”ndə müasir Azərbaycan cəmiyyətinin əxlaqi, mənəvi keyfiyyətləri və insanın daxili mübarizəsi kimi mövzular geniş işıqlandırılıb. Səbuhi Zaman özünün fəlsəfi yanaşmaları və realizm təəssüratı ilə, insanlara düşüncələrini yenidən qurmağa, onlara yeni perspektivlər təqdim etməyə çalışıb. Müəllifin özünəməxsus dil üslubu və dərin mənalı şeirləri hər kəsi fikirləri üzərinə cəmləyə bilir.
Rəngarəng poeziya gecəsində müəllif çıxış edərək qonaqlara təşəkkürünü bildirib. O, özünəməxsus ifa tərzi ilə şeirlər səsləndirərək ədəbiyyatsevərləri təsirləndirib.
Çıxış edən ziyalılar, millət vəkilləri kitabın əhəmiyyətindən və müəllifin əsərinə qoyduğu mənəvi dəyərdən bəhs ediblər.
Tədbirdə uzun illərdir ki, Azərbaycanda fəaliyyət göstərən “Snerjipro” şirkətinin prezidenti tanınmış türk iş adamı Ufuk Aydın səhnəyə dəvət alıb. O, Səbuhi Zamanın yaradıcılıq üslubunun orjinallığından danışıb və şeir səsləndirib. Baş sponsor olaraq belə layihələrə dəstək göstərməkdən məmnunluq ifadə edib.
Tədbirdə, həmçinin şairlər, qiraətçilər “Adamın dibi” kitabından şeirlər səsləndiriblər. Tanınmış müğənilərin ifasında lirik mahnılar dinlənilib.
Sonra “Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyinin sədri Səbuhi Zaman kitabın ərsəyə gəlməsi ilə mədəniyyətin inkişafına və təbliğinə dəstək olan ziyalılara, iş adamlarına mükafat təqdim edib.
Sonda tədbir iştirakçıları müəllifin imzalı kitabını əldə ediblər, onunla xatirə fotoları çəkdiriblər.