Binəqədidə “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: ŞƏXSİYYƏT FAKTORU ” adlı kitabın təqdimatı keçirilib
20 dekabr 2024-cü il tarixində Binəqədi rayonunda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: ŞƏXSİYYƏT FAKTORU ” adlı kitabın təqdimatı keçirildi.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti, Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və gənclər iştirak edirdilər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbir iştirakçıları kitabla bağlı hazırlanmış video filmə tamaşa etdilər.
Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında qeyd etdi ki, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsinin tarixi. Azərbaycanın ərazi bütövlüyünün bərpası: ŞƏXSİYYƏT FAKTORU” adlı kitab oxucular üçün Azərbaycanın müasir tarixi ilə bağlı dəyərli məlumat mənbəyidir. Azərbaycanın Vətən müharibəsində qələbəsinə həsr olunmuş birinci nəşrdən sonra kitabın ikinci nəşri işğaldan azad edlmiş ərazilərimizdə bərpa və quruculuq fəaliyyətinə, Böyük Qayıdış Proqramının təşkilinə həsr edilmişdir. Bütün bu hadisələrin mərkəzində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və rəşadətli Azərbaycan ordusunun gücü və qüdrəti dayanır.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında bildirdi ki, kitabda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatik və informasiya cəbhəsində, hərbi quruculuq sahəsində fəaliyyəti ətraflı işıqlandırılır, dövlət başçısının Azərbaycan xalqının birliyinin təmin edilməsində rolundan, onun Vətən müharibəsi illərində milləti bir yumruq kimi birləşdirən xalqa müntəzəm müraciətlərindən, milli maraqları qətiyyətlə təmin edən uğurlu xarici siyasətdən, ölkəmiz üçün yeni tarixi dövrün başlanmasından bəhs edilir.
Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Yaqut Mönsümova çıxışında qeyd etdi ki, kitabda Ali Baş Komandan İlham Əliyevin Qələbə strategiyasının əsas istiqamətləri işıqlandırılır, İkinci Qarabağ müharibəsi illərində qələbə və diplomatiya salnaməsi tədqiq edilir. Kitabda Vətən müharibəsində qazanılan şanlı qələbənin memarı kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti, qətiyyəti, dahi sərkərdəlik qabiliyyəti əks olunub. Bu da tarixdə Şəxsiyyət Faktoru amilini bir daha sübut edir. Nəşrdə Prezident İlham Əliyevin Azərbaycanın hərtərəfli inkişafını, xalqın birliyini, ölkənin suverenliyini və ərazi bütövlüyünü təmin edən Lider kimi rolundan bəhs edilir.
Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin icraçı direktoru Tural Abbasov çıxışında qeyd etdi ki, Qarabağda əldə edilən Qələbənin tarixi mahiyyəti onu müstəqilliyin qazanılmasının strateji əhəmiyyəti ilə bir sıraya yüksəldib. Dövlətimizin və xalqımızın müqəddəratını təmin edən bu iki əsas amil – müstəqillik və Zəfər biri-birini tamamlayır, möhkəmləndirir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi dövrə qədəm qoyarkən, Azərbaycanın yeni inkişaf hədəf doktrinasının etibarlı bünövrəsini təşkil edir.
Yekun nitqi ilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlilli çıxışında vurğuladı ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasəti, polad iradəsi sayəsində öz ərazi bütövlüyünü bərpa etdi, əzəli torpaqlarını geri qaytardı. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu.
Tədbirin bədii hissəsi Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin uşaq xorunun, Bakı Humanitar Kollecinin müəllim və tələbələrinin ifasında musiqi və bədii qiraət nümunələri ilə davam etdi.