MƏDƏNİYYƏT

“Ölkəmizi dünyada musiqimizlə təbliğ etməkdən qürur duyuram”

Dekabrın 18-də İtaliyanın paytaxtı Romadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib. Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin İtaliyadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Tədbirin aparıcısı, gənc pianoçu Ayan Məmmədli toplantıda dünyanın 24 ölkəsindən 40-dan artıq azərbaycanlı mədəniyyət nümayəndələrinin iştirak etdiyini bildirmişdir. Toplantıda iştirak edən Azərbaycanın İtaliyadakı səfiri  Rəşad Aslanov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycanın tanınmış teatr və kino aktyoru, Əməkdar incəsənət xadimi, Xalq artisti, rejissor, Çukurova Universitetinin professoru Cahangir Novruzov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Fransadakı “Toğrul Nərimanbəyov” Assosiasiyasının rəhbəri, “Natəvan” həftəsonu məktəbinin müəllimi Azərbaycan Rəssamlıq Akademiyasının dosenti, Əməkdar rəssam Əsmər Nərimanbəyova, Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova-Spitsberq, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Yalçın Adıgözəlov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev və Xalq artisti, tanınmış kino və teatr aktyoru Fəxrəddin Manafov çıxış edərək görüşün əhəmiyyətini vurğulayıb, dövlətimizin mədəniyyət və incəsənət nümayəndələrinə daimi qayğısından bəhs ediblər.

Toplantı iştirakçıları arasında mədəniyyətin müxtəlif sahələrini təmsil edən xeyli sayda gənc istedadların iştirak etməsi, gələcəkdə böyük ustadların yolunu davam etdirilməsi baxımından onların tövsiyələrini dinləmələri son dərəcə təqdirəlayiq hal olmuşdur. Tədbirdə gənclər adından çıxış edən Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, Respublika və Beynəlxalq Müsabiqələr Laureatı, “Qran Pri” mükafatçısı, gənc pianoçu Ayan Məmmədli dövlətimizin gənclərinə olan qayğı və diqqətindən ətraflı söz açaraq, özünün son illərdə dünyanın bir çox ölkələrində təmsil etməsini qeyd etmişdir: “5 ilə yaxındır Avropada musiqi sahəsində ali təhsil alıram. Və mən bu təhsilə başladığım ilk zamanlardan çox gözəl anlayırdım ki, ölkəmizdən kənarda təhsil alan Azərbaycanlı tələbələrin, xüsusilə incəsənət və mədəniyyət sahələrində xaricdə təhsil alanların fəaliyyəti, ölkənin mədəni irsinin beynəlxalq aləmdə təbliği və ölkələrarası mədəniyyət mübadiləsinin gücləndirilməsində mühüm əhəmiyyət daşıyır. Və biz tələbələrin xaricdəki fəaliyyəti bir tərəfdən özümüzün fərdi inkişafına, digər tərəfdən isə Azərbaycanın milli mədəniyyətinin qlobal miqyasda tanınmasına xidmət etməlidir. Əslində mən bu istiqamətdə işləri hələ uşaqlıq illərimdən, yəni ölkəmizi müxtəlif xarici ölkələrdə keçirilən 12-ə yaxın Beynəlxalq müsabiqələrdə iştirak edib, qalib olduğum zamanlarda özüm üçün əxz etməyə başlamışam.  Bütün Azərbaycanlı tələbələr kimi mən də müxtəlif ölkələrdə mədəni tədbirlərdə olarkən,  cəmiyyətlərlə mədəniyyətlərarası dialoq quraraq, Azərbaycanın tarixini, adət-ənənələrini, milli bayramlarını təbliğ edir və digər xalqlarla qarşılıqlı mədəniyyət mübadiləsi həyata keçirməyə çalışmışam. Belə ki, Avropada olduğum beş ilə yaxın bir vaxt ərzində ali təhsil almaqla yanaşı, dövlətimizin siyasətinə uyğun olaraq, bir musiqiçi kimi, milli musiqilərimizdən ibarət olan 2022-ci il “Şuşa ili”, 2023-cü il “Heydər Əliyev ili” və 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş, “Azərbaycandan dünyaya musiqi tövhəsi”, “Ulu Öndərimizin əziz xatirəsinə ithaf” və “Yurdumun gözəllikləri həzin musiqilərdə” adlı Azərbaycan, ingilis və alman dillərində hazırladığım musiqi layihələrimin, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, ölkəmizin səfirlikləri və Azərbaycanın Vyana Mədəniyyət Mərkəzinin dəstəyi ilə Avstriya, Niderland, Macarıstan, Norveç, Argentina və Danimarkada yerli və əcnəbi tamaşaçılara təqdim etməklə, son 3 ildə xaricdə 25-ə yaxın dövlət tədbirləri və solo konsertlərlə diaspora nümayəndələri, səfirlər və müxtəlif diplomatik korpus nümayəndələri qarşısında çıxışlar etmişəm. Bu tədbirlərin hamısında muğam, milli xalq və bəstəkarlar mahnıarı repertuarımda xüsusi yer tutub. Çünki, bu illər ərzində bir daha əmin olmuşam ki, Azərbaycan musiqisi, xüsusilə də UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş muğam sənəti, ölkənin mədəniyyətinin qlobal arenada tanınmasında mühüm vasitədir”.

Ayan Məmmədli xaricdəki Azərbaycan səfirlikləri və diaspor təşkilatlarının ölkəmizin mədəniyyətinin tanıdılmasında mühüm rol oynadığını bildirmişdir: “Onlar mütəmadi olaraq milli bayramlar, mədəni tədbirlər və sərgilər təşkil edir, bu tədbirlərə gəncləri fəal şəkildə cəlb edirlər. Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu ilə birlikdə ölkəmizdə təşkil etdiyi Yay düşərgələri də dünya azərbaycanlı gənclərin bir-birini yaxından tanıması üçün çox maraqlı bir layihədir. Mən bu il V yay düşərgəsinin iştirakçısı kimi bunu tam əminliklə deyirəm. Bütün bunlarla yanaşı, Azərbaycan dövlətinin xaricdə təhsil alan tələbələrə dəstək olmaq üçün müxtəlif proqramların həyata keçirməsi də son dərəcə təqdirəlayiq haldır. Bizim bu cür tədbirlərə dəvət olunan əcnəbilərlə və digər diaspora nümayəndələri ilə yaranan əlaqələrimiz sayəsində ölkəmizin tanıdılmasıyla bağlı xeyli işlər görə bilirik.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə soydaşlarımızın yaşadıqları ölkələrə uğurla inteqrasiya olunmasının və həmin ölkələrin siyasi, iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrinin vacibliyini vurğulayaraq demişdir: “Hamımız istəyirik ki, xaricdəki azərbaycanlılar rahat yaşasınlar, yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olsunlar və Azərbaycanı ləyaqətlə təmsil etsinlər”. Bu fikirləri rəhbər tutaraq xaricdə atdığımız addımlar imkan verir deyim  ki, azərbaycanlı tələbələrin, xüsusilə incəsənət və mədəniyyət sahələrində təhsil alanların fəaliyyəti Azərbaycanın mədəni irsinin təbliğinə böyük töhfə verir. Ölkəmizi dünyada musiqimizlə təbliğ etməkdən qürur duyuram! Dövlət və diaspora təşkilatlarının dəstəyi tələbələrə daha geniş imkanlar yaradır, onların beynəlxalq səviyyədə ölkəmizi uğurla təmsil etmələrinə şərait yaradır. Gələcəkdə bu dəstəyin genişləndirilməsi Azərbaycanın mədəniyyətinin daha effektiv təbliğinə və gənclərin fərdi inkişafına xidmət edəcəkdir”.

​​​​​​​

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir