“Ana və uşaqlar narkomaniyaya qarşı” layihəsi çərçivəsində Hacıqabulda tədbir keçirilib
Oktyabrın 28-də “Dünya Ana və Uşaqlar” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Ana və uşaqlar narkomaniyaya qarşı” adlı layihəsi çərçivəsində Hacqıbuldakı 10 nömrəli tam orta məktəbdə tədbir keçirib. Tədbir iştirakçıları əsasən şagirdlərdən ibarət olub.
Tədbirdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva deyib ki, tədbirin əsas məqsədi gənclərin sağlamlığının təmin edilməsi ilə yanaşı, insanların belə ağır fəsadlar törədən vərdişlərdən uzaqlaşdırılmasına nail olmaqdır: “Azərbaycan gəncliyinin bu gününə və gələcəyinə xidmət edən fəaliyyətlərin göstərilməsi çox önəmlidir. Narkomaniya cəmiyyətə və insanların sağlamlığına ziyanı ölçüyəgəlməzdir. Bu sahədə önləyici tədbirlər görülməlidir. Narkomaniyanın mənfi nəticələri barədə əhalinin məlumatlandırılması istiqamətində aparılan təbliğat işləri isə gücləndirilməlidir”.
Layihəyə cəlb olunmuş ekspert, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədov deyib ki, rayonların hər birində narkomanlığın cəmiyyətə zərərinə dair keçirilən silsilə tədbirlərdə də əsas məqsəd maarifləndirmə işinin səviyyəsini yüksəltməkdir. Həmçinin narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğunu bildirib: “Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bu səbəbdən də Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır”.
Tədbirin sonunda “Dünya Ana və Uşaqlar” İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası üçün göstərilən maliyyə dəstəyinə, icra numayəndəsinə, tədbirin kecirilməsində köməkliyə görə məktəbin rəhbərliyinə təşəkkür edib.