Cəbrayılda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməli qoyulub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.
“Report” xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma sənaye parkında görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin – sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir.
İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investorların marağını artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.
Dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.
Ərazisi 200 hektar olan sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, bu Sənaye Parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir.
Sənaye parkının hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 133,8 milyon manat investisiyanın yatırılması, 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb.
Rezidentlər tərəfindən sənaye parkında fibrobeton və polistirolbeton blokların, quru inşaat qatqılarının, tamet daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, ayaqqabıların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların və digər məhsulların istehsalı, 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi həyata keçiriləcək, logistik mərkəz inşa olunacaq.
Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir müəssisə fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sənaye parkında əvvəlcə Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməlqoyma mərasimində iştirak etdilər.
Məlumat verildi ki, Litvanın “Dominari” şirkəti “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən Sənaye Parkının 10 hektar ərazisində 5 mərhələdən ibarət mebel klasteri layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
İlkin mərhələdə döşək istehsalının əsas xammalı olan paralon materialının istehsalı zavodunun və mebel klasterinin müxtəlif mərhələlərini parça ilə təmin edəcək toxuculuq fabrikinin qurulması planlaşdırılır. İnvestisiya dəyəri 50 milyon manatdan çox olan müəssisədə ilkin mərhələdə 650 nəfər işlə təmin ediləcək. İşçilərin Cəbrayıl və ətraf rayonlardan cəlb olunması nəzərdə tutulur.
Şirkət ildə 6 min ton elastik poliuretan, 250 min ədəd müxtəlif mebel, həmçinin, döşəklər, divanlar və çarpayılar üçün 1 milyon ədəd üzlük, 200 min döşək, 5,5 min kubmetr mebel komponentləri istehsal edəcək. İstehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, ixracı da həyata keçiriləcək.
Qeyd edildi ki, Litvanın “Dominari” şirkəti qısa müddət ərzində Baltikyanı ölkələrin və Şərqi Avropanın aparıcı mebel istehsalçılarından birinə çevrilib. Hazırda şirkət 2 min işçi və 200-dən çox korporativ müştəri bazasına malikdir.
Prezident İlham Əliyev “Dominari” şirkətinin mebel klasterinin təməlini qoydu.
Sonra dövlətimizin başçısı və birinci xanım sənaye parkında “Karabakh Stone” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak etdilər.
Məlumat verildi ki, “Karabakh Stone” MMC 2024-cü ilin iyulunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət Sənaye Parkının 3,5 hektar ərazisində yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı ilə məşğul olacaq.
İnvestisiya həcmi 7,8 milyon manat olan layihə çərçivəsində 95 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
İstehsal gücü 1 milyon 250 min kvadratmetr təşkil edəcək müəssisədə hazırlanacaq məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək. Türkiyə texnologiyasından istifadə ediləcək müəssisənin 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
Dövlətimizin başçısı zavodun təməlini qoydu.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sənaye Parkında, həmçinin “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak etdilər.
Bildirildi ki, şirkət Sənaye Parkının 2,15 hektar ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 5,8 milyon manat olan müəssisədə 214 nəfər daimi işlə təmin ediləcək.
Türkiyənin, Çinin, Avropanın qabaqcıl ölkələrinin texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 30 min ton müxtəlif dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsal olunması nəzərdə tutulur. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, xarici bazarlarda da satışı planlaşdırılır.
Dövlətimizin başçısı zavodun təməlini qoydu.