Şəki regional ədliyyə idarəsi tərəfindən Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən bələdiyyələrlə seminar-müşavirələr keçirilib.
30 avqust – 25 sentyabr 2024-cü il tarixlərində Şəki regional ədliyyə idarəsi tərəfindən idarənin ərazi yurisdiksiyasına daxil olan Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən bələdiyyələrin üzv və qulluqçularının iştirakı ilə müxtəlif mövzuları əhatə edən seminar-müşavirələr keçirilib.
Seminarlarda “Yerli büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı yol verilən xarakterik pozuntular və onların qarşısının alınması”, “Bələdiyyələrin seçki hüquqlarının həyata keçirilməsi istiqamətində qanunvericiliyin tələbləri, bələdiyyə seçkiləri nəticəsində bələdiyyənin yeni tərkibinə və ya sədrinə möhür, ştamp və sənədlərin təhvil verilməsi”, “Yerli özünüidarəetmə sahəsində şəffaflığın və hesabatlılığın artırılmasında və korrupsiya hüquqpozmalarının qarşısının alınmasında müasir informasiya resurslarının əhəmiyyəti”, “Bələdiyyə aktlarının qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsi”, “Pul tələbinə dair icraya yönəldilmiş inzibati aktların icrası zamanı tələbkar kimi bələdiyyələrin qanunla müəyyənləşdirilmiş hüquq və vəzifələri”, “Bələdiyyə qulluğuna qəbulla bağlı qanunvericiliyin tələbləri, ixtisaslaşdırılmış kadrların qulluğa cəlb edilməsinin əhəmiyyəti” və “Bələdiyyələr tərəfindən inşa edilmiş qeyri-yaşayış təyinatlı tikinti obyektlərinin bələdiyyələrin balansına qəbul edilməsi” mövzuları ətrafında çıxışlar edilib, bu sahədə qanunvericiliyin tələblərinə dair izahlar verilib. Həmçinin tədbir iştirakçılarının mövzularla bağlı sualları cavablandırılıb və maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.