BƏLƏDİYYƏ

Yerli özünüidarəetmə sahəsində bələdiyyə üzv və qulluqçuları üçün onlayn seminar keçirilib

Cari ilin sentyabrın 24-də Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən Bakı şəhəri üzrə bələdiyyə üzv və qulluqçuları üçün “Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü və işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Ölkə başçısının Sərəncamlarının icrasından irəli gələn məsələlər” mövzusunda onlayn seminar təşkil edilib.

Tədbirdə Vətən müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qələbəsi və işğal olunmuş torpaqlarımızın azad edilməsi yolunda göstərilən misilsiz xidmətlərdən danışılıb. Həmçinin ölkəmizdə dövlət suverenliyi tam bərpa olunduqdan sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün həyata keçirilən tədbirlər, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, habelə digər məqsədyönlü və genişmiqyaslı layihələr barədə geniş məlumat verilib.

Həmçinin onlayn seminarda qələbəmizin əbədiləşdirilməsi məqsədilə ölkəmizdə qeyd edilən əlamətdar günlər, o cümlədən Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü və işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı ölkə başçısı tərəfindən qəbul edilmiş Sərəncamların icrasından irəli gələn məsələlər barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Sonda müzakirə edilən mövzu barədə yerli əhalinin məlumatlandırılması, qeyd edilən əlamətdar hadisələrlə bağlı müvafiq tədbirlərin təşkil edilməsi, bələdiyyələrin sosial media səhifələrində bununla bağlı aktiv paylaşımların edilməsi bütün bələdiyyələrə tövsiyə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir