“Improtex”dən bir ilk: Yerli istehsal zirehli maşınlar ADEX2024-də Nümayiş Olunacaq
Azərbaycanın aparıcı mühəndislik və istehsal şirkətlərindən biri – “Improtex Industries” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX) ilk dəfə Azərbaycan istehsalı olan İTX brendi altında 20H, 15M və 6L zirehli texnikalarını təqdim edir. Bu platformaları tam yerli mühəndislər layihələndirib və Azərbaycanın hərbi sənayesinə mühüm töhfə olaraq qiymətləndirilir.
İTX platformaları hərbi birləşmələrin yerinə yetirəcəyi görəvə uyğun olaraq fərqli təyinatda təchiz oluna bilər. Bunlara minaya davamlı pusqu qorumalı avtomobillər, komanda və idarəetmə vasitələri, zirehli qoşun daşıyıcıları, patrul maşınları, xüsusi əməliyyat maşınları, piyada dəstələri maşınları, yaralı və zərərçəkənlərin evakuasiya maşınları, KBRN vasitələr, minaatan maşınlar, zirehli yük maşınları, kəşfiyyat maşınları, zirehli polis maşınları daxildir və sürətli hücum maşınları daxildir.
“Improtex Industries” 2013-cü ildən fəaliyyət göstərərək metal konstruksiyalar və maşınların üst qurğularının istehsalı ilə məşğuldur. Şirkət, xüsusən, 2-ci Qarabağ müharibəsindən sonra minatəmizləmə texnologiyaları sahəsində diqqət çəkib. Revival P piyada əleyhinə və Revival T tank əleyhinə minatəmizləyən texnikaları bu sərgidə də yer alacaq. Bu texnikaları artıq ANAMA (Minatəmizləmə Agentliyi) istifadə edir və xarici ölkələrə də ixrac edilib.
Yeni zirehli texnikaların yaradılmasında bir sıra beynəlxalq təchizatçı şirkətlərdən alınan yüksək keyfiyyətli hissələrdən istifadə edilsə də, bu maşınlar tam olaraq yerli mühəndis qruplarının layihələndirməsi və Azərbaycana məxsus texnologiyaları ilə istehsal olunub. Bu addım Improtex Industries-in milli hərbi sənayedəki rolunu gücləndirir və Azərbaycanın öz istehsalı olan müdafiə texnikalarının inkişafında mühüm mərhələdir.
Sərgidə nümayiş olunan bu texnikalar, ölkənin təhlükəsizliyinin təmin olunmasında və regional müdafiə gücünün artırılmasında mühüm rol oynayacaq.