GÜNDƏM

Çoxillik münaqişənin sonu

Prezident İlham Əliyev: “Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır”

2023-cü ilin 19-20 sentyabrında antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ bölgəsi üzərində nəzarəti bərpa edib. Prezident İlham Əliyev 20 sentyabr tarixində Xankəndi şəhərində Qarabağ Universitetində çıxışı zamanı deyib ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı imkan verdi ki, Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz: “Cəmi bir neçə saat davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam zəfəri ilə başa çatmışdır. Ermənistan ordusunun 15 mindən çox hərbi kontingenti tamamilə iflic vəziyyətinə düşmüşdür və bir neçə saatdan sonra kapitulyasiya şərtlərini artıq biz onlarla müzakirə etməyə başlamışdıq”. Məhz bundan sonra Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırmaq və sərhədləri qarşılıqlı tanımaqla sülh sazişinin imzalanması barədə danışıqlar daha da sürətləndirib. Bununla yanaşı, bir neçə dəfə iki ölkə arasında saxlanılan şəxslər dəyişdirilib. Ən mühüm məqam odur ki, tərəflər vasitəçi olmadan təmaslara keçiblər, hətta birgə bəyanatla çıxış edilib. Həmçinin sülh sazişi üzrə potensial bir neçə layihənin mübadiləsi olub. Azərbaycan iyun ayında 10-cu təkliflər paketini Ermənistana təqdim etmişdi. Bu yaxınlarda Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün cavab təklifləri paketini geri təqdim edib. Rəsmi Bakı Ermənistanın sülh sazişi layihəsindən bir neçə önəmli məqamı çıxardığını bəyan edib. Əlbəttə ki, Azərbaycan Ermənistanın bu versiyası ilə razı deyil. Buna görə də Azərbaycan da Ermənistana yenidən cavab təkliflərini təqdim edəcək. Görünən odur ki, Ermənistan tərəfi bu məsələlərə ciddi yanaşmır. Azərbaycanın təklifləri beynəlxalq hüquqa əsaslanır və milli maraqlara cavab verir. Yeri gəlmişkən, Azərbaycanın təklif etdiyi sülh sazişi layihəsinin beş prinsipi aşağıdakı maddələri ehtiva edir: bir-birinin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, indi və gələcəkdə bir-birilərinə qarşı hər hansı ərazi iddialarını və ziddiyyət təşkil edən hər hansı aktları, gücdən istifadə və ya güc tətbiq etmək hədəsi kimi BMT nizamnaməsinə zidd olan hər hansı hərəkətləri rədd etmək, eyni zamanda, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası, iki ölkə arasında kommunikasiyaların və əlaqələrin qurulması. Dövlətimizin başçısı bildirib ki, quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr – Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi”, – deyə cənab Prezident əlavə edib.
Ermənistanın baş naziri Nikol Paşinyana Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə sülh müqaviləsinin imzalnması ilə bağlı cağırışlar edib. Nikol Paşinyanla təkbətək, eləcə də üçtərfli və dördərəfli görüşlərdə də regionun təhlükəsizliyi üçün əsas təkliflər dövlətimizin başçısı tərəfindən verilib. Artıq dünya mediasında da bu baxımdan yazılar verilir və belə bir fikir var ki, Azərbaycanla Ermənistanın sülh müaviləsini imzalaması üçün heç bir maneə qalmayıb. Əlbəttə ki, məqsəd çoxillik münaqişəyə son qoymaqdır. Hərçənd, bir çox Qərb dövlətələri bunu istəmir və 30 ildən artıq müddətdə münaqişənin həllinə süni yollarla maneə yaratmağa çalışıblar. Prezident İlham Əliyevin dediyi kimi, demək olar ki, bütün böyük güclər, onların hamısı bu işğalı əbədi etmək istəyirdi: “Heç biri istəmirdi ki, xalqımız bu işğaldan yaxasını qurtarsın. Yəni, daim bizi təzyiq altında saxlamaq, daim bu işğaldan bir təsir amili kimi istifadə etmək, öz maraqlarını təmin etmək və nəticə etibarilə bizi bu vəziyyətlə barışdırmaq istəyirdilər. İşğal dövründə müxtəlif paytaxtlardan gələn qonaqlar dəfələrlə deyirdilər ki, bu məsələnin, bu münaqişənin hərbi həlli yoxdur. Bəlkə sizin də yadınızdadır ki, belə bir tezis var idi – bunun hərbi həlli yoxdur, sülh yolu ilə həll olunmalıdır. Eyni zamanda, o vaxt “Birinci Qarabağ” deyilmirdi, amma Qarabağ müharibəsinin nəticələri də nəzərə alınmalıdır. Yəni, bizi nə ilə barışdırmaq istəyirdilər?! Məğlubiyyətlə. İstəyirdilər ki, xalqımız bu məğlubiyyətlə razılaşsın”. Artıq reallıq dəyişdi. Azərbaycan şanlı Qələbəsini əldə etdi. Torpaqlarımız işğaldan azad olundu. Hazırda bu ərazilərdə yeni bir dönəm başlayıb: ciddi abadlıq-quruculuq işləri gedir. Əhali mərhələli şəkildə öz torpaqlarına qayıdır. Eyni zamanda, qeyd etdiyimiz kimi Ermənistanla sülh prosesi başşlayıb. Amma Ermənistan bəzən hələ də reallığı anlamaq istəmir. Danışıqların belə bir həlledici mərhələsində qeyri-ciddi addımlar atır. Paşinyan hakimiyyəti regional olaraq təhükəsizliyə rəvac verən və yol açan qərbyönümlü siyasət yürüdür. Yekun sülh sazişinin imzalanması elə də uzaqda deyil. Belə halda Ermənistandan nəticəyə gətirib çıxaracaq səylər gərəkdir. Həqiqi nəticələrin olması üçün bu ölkə adekvat siyasət aparmalı, regionun və erməni xalqının gələcəyini düşünməlidir.

Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir