“Kəpəz”in vitse-kapitanı: Hər bir futbolçu özünü yeni baş məşqçiyə göstərməyə çalışacaq – MÜSAHİBƏ
“Kəpəz”in futbolçusu Əli Səmədov “Report”a müsahibə verib. 26 yaşlı yarımmüdafiəçi komandanın cari mövsümdə Azərbaycan Premyer Liqasında uğursuz çıxışının səbəbləri barədə danışıb. Gəncə təmsilçisinin vitse-kapitanı həmçinin yeni baş məşqçi Azər Bağırovun təyinatı ilə bağlı təəssuratlarını bölüşüb.
– Cari mövsümdə Azərbaycan Premyer Liqasında keçirdiyiniz 5 oyunun heç birində qələbə qazana bilməmisiniz. Uğursuzluğun səbəbini nədə görürsünüz?
– Komandaya yeni transfer olunan futbolçular uyğunlaşma ilə bağlı problemlər yaşayırlar. Onların zəif futbolçu olduqlarını düşünmürəm. Məşq prosesində özlərini ən yaxşı şəkildə göstərirlər. Lakin oyun zamanı nəsə çatışmır. Ardıcıl məğlubiyyətlər çox üzücüdür. Bununla belə, son matçda göstərdik ki, qələbə qazana bilərik. Futbolçular zamanla uyğunlaşma ilə bağlı problemi həll edəcəklər. Oyundan-oyuna gücümüzü daha da artıracağıq.
– Azərbaycan Premyer Liqasının V turunda, “Sabah”la 2:0 öndə olduğunuz görüşdə 2:3 hesabı ilə məğlub oldunuz. Qələbə hesabını qorumağa nə mane oldu?
– İnanın, səbəbini mən də bilmirəm. Ola bilsin, 2:0 hesabı ilə önə keçdikdən sonra çox qapandıq və müdafiədən oynamağa üstünlük verdik. Əslində qarşılaşmadan əvvəl oyun planını da bu cür müəyyənləşdirmişdik. Əsasən müdafiəyə üstünlük verməli idik. Görüşün əvvəllərində istəyimizə nail olmuşduq. Təəssüf ki, hesabı qoruya bilmədik. Rəqib komandanın futbolçuları da çox sürətli idilər.
– Məğlubiyyətlərdən sonra klub rəhbərliyi və futbolçular arasında görüş olub?
– Rəhbərlik bizimlə daim ünsiyyətdədir. Hətta “Sabah”la oyundan əvvəl də görüşdü. Klubun İdarə Heyətinin sədri İlqar Nadiri bizə güvəndiyini və yanımızda olduğunu söylədi. Başqa vaxt da tez-tez görüşlərimiz olur.
– “Kəpəz”in sabiq baş məşqçisi Adil Şükürovun gedişi sizin üçün gözlənilməz olmadı?
– Sözün düzü, belə bir şey gözləmirdik. Adil müəllim yaxşı baş məşqçidir. Ötən mövsüm “Kəpəz”i Premyer Liqada saxlamaqda böyük köməyi oldu. Sadəcə, bu il komandaya yeni qoşulan futbolçular özlərini yaxşı tərəfdən göstərə bilmədilər deyə, uğursuzluq zolağına düşdük. Az əvvəl də söylədiyim kimi, futbolçular uyğunlaşma ilə bağlı problem yaşadıqları üçün qalib gələ bilmirik. Hərəsi bir ölkədən gəlib, yeni komandayıq.
– Adil Şükürovun futbolçu seçimində yanıldığını düşünürsünüz?
– Yenə deyirəm, futbolçularımız məşqdə üstün bacarıq nümayiş etdirirlər. Oyun zamanı isə bu alınmr. Zamanla düzələcəyini düşünürəm. Artıq bir neçə mövsümdür ki, çempionata uğursuz start veririk. Lakin növbəti turlarda komandada dirçəliş olur və sonluq bizim üçün yaxşı alınır.
– “Kəpəz”ə yeni təyin edilən baş məşqçi Azər Bağırovla tanışlıq oldu?
– Xeyr, hələ ki, bir araya gələ bilməmişik. İlk görüşümüz sabah olacaq. Şəxsən mən Azər müəllimi tanıyıram. “Qəbələ” akademiyasında futbol oynayarkən Azər Bağırov orda çalışırdı. Düşünürəm ki, uğurlu seçimdir. Yeni baş məşqçimizə yeni işində uğurlar arzu edirəm. İnanıram ki, əl-ələ verib, uğurlu nəticələr qazanacağıq.
– Azər Bağırovun komandaya yeni ab-hava gətirəcəyinə inanırsınız?
– Buna çox inanıram. Çünki yeni baş məşqçi yeni həvəs deməkdir. Hər bir futbolçu özünü yeni baş məşqçiyə göstərməyə çalışacaq. Komandada ruh düşkünlüyü var. İnşallah, Azər Bağırovla birlikdə bunu aradan qaldıracağıq. İndiki vaxtda komanda olaraq bütün futbolçular gücünü bir yerə toplayıb, çətin vəziyyətdən çıxmalıdır. Komandama inanıram. Rəhbərlik də bizə güvənir. Mövsümün sonunda Premyer Liqada qalacağımıza inanıram.