TƏHSİL

Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə yerli sahibkarlar üçün təlim keçirilir

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “İqtisadi artım və rəqabətqabiliyyətlilik üçün əqli mülkiyyət aktivlərindən istifadə etmək məqsədilə Azərbaycanın aqrar-ərzaq sektorunda mikro və kiçik biznesin dəstəklənməsi üzrə ÜƏMT layihəsinin benefisiarları üçün təlim” başlayıb.

Əqli Mülkiyyət Agentliyindən AZƏRTAC-a bildirilib ki, İdarə Heyətinin üzvü Sənan Tapdıqov Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən iqtisadi islahatlardan danışıb. Qeyd edib ki, sahibkarlığın dövlət tənzimlənməsi və dəstəklənməsi sahəsində qanunvericilik azad rəqabətə əsaslanan sahibkarlığın inkişafı məqsədlərinə xidmət edir. O, kiçik və orta biznes (KOB) subyektlərinin əqli mülkiyyətdən istifadə etməklə bazarda mövqelərinin möhkəmləndirdiyini vurğulayıb.

S.Tapdıqov təlimin əhəmiyyətini vurğulayaraq bu layihənin həyata keçirilməsinin keçən ilin iyununda ÜƏMT-nin Baş direktorunun müavini Hasan Kleybin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı müzakirə olunduğunu diqqətə çatdırıb. O, layihənin Azərbaycan benefisiarlarının kənd təsərrüfatı sahəsində fəaliyyətlərinin inkişafına, texnologiya və innovasiyaların tətbiqi potensialının artırılmasına yönəldiyini bildirib. Əqli Mülkiyyət Agentliyinin hər zaman sahibkarlara dəstək verdiyi bu sahədə KOBİA ilə birlikdə həyata keçirilən müxtəlif tədbirlər barədə məlumat verib. Layihənin Azərbaycanın KOB subyektlərinin bu sahədə biznesin inkişafı üçün təkan verəcəyi və faydalı olacağı bildirilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Hikmət Məmmədov KOBİA-nın bu layihənin bir komponenti kimi daxil olunmasını çox yüksək dəyərləndirib, Azərbaycanda kənd təsərrüfatı, aqrar-ərzaq sahəsində sahibkarlıq fəaliyyəti üçün müsbət şəraitin və hər cür imkanların yaradıldığını diqqətə çatdırıb. O, KOBİA-nın fəaliyyətinə toxunaraq bu sahədə yerli KOB-lar üçün qrant layihələrinin həyata keçirilməsi və startap şəhadətnamələrinin verilməsi haqqında məlumat verib.

Tədbirə onlayn qoşulan layihənin meneceri, ÜƏMT-nin İnkişaf üzrə Əməkdaşlıq Departamentinin əməkdaşı Alexandra Bhattacharya layihənin həyata keçirilməsində dəstəyə görə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təşəkkürünü çatdırıb.

Təlimin əvvəlində ÜƏMT-nin Mərkəzi Avropa və Baltikyanı ölkələr və Aralıq dənizi ölkələri üzrə bölməsinin əməkdaşı Mihaela Cerbari Simmons ÜƏMT-nin fəaliyyəti barədə məruzə edib, həyata keçirilən layihənin məqsədi haqqında məlumat verib.

Birinci sessiyada milli layihə eksperti, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin əməkdaşı Gülcahan Əlimərdanova “Əqli mülkiyyətin əsaslarını anlamaq: əqli mülkiyyətə giriş” mövzusunda təqdimat edib. Məruzədə əqli mülkiyyətin icmalı və onun müxtəlif sənayelərdə, xüsusən də kənd təsərrüfatı-qida sənayesində əhəmiyyəti, əqli mülkiyyətin növləri (ixtira, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici), mikro və kiçik kənd təsərrüfatı şirkətləri üçün əqli mülkiyyətin qorunmasının əhəmiyyəti məsələləri əhatə olunub.

Təlim sentyabrın 5-dək davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir