Azərbaycanda onkoloji xəstələrin sayı niyə çoxdur?
Bütün dünyada onkoloji xəstələrin sayı hər il artır.
Tibb sahəsi uzun illərdir ki, bu xəstəliyin qarşısını almaqda və yarandığı zaman tam formada sağaltmaqda acizdir. Ölkəmizdə də onkoloji xəstələrin sayı kifayət qədərdir.
Statistika Komitəsinin 2023-cü ilin sonuna olan məlumatına görə, ölkədə qeydiyyatda 70 minə yaxın xərçəng xəstəsi var ki, onlardan 13 666 nəfəri keçən il qeydiyyata alınanlardır.
Bu isə olduqca yüksək rəqəmdir. Dünyada onkoloji xəstələrin sayı isə 3 milyona yaxındır.
Maraqlıdır, Azərbaycanda onkoloji xəstələrin sayı niyə bu qədər çoxdur, bunun səbəbi nədir?
Tibb sahəsi üzrə ekspert, terapevt Rasif Bağırov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, əslində statistik rəqəmlər reallığı tam şəkildə əks etdirmir:
“Dövlət Statistika Komitəsinin Azərbaycanda onkoloji xəstələrin sayının artması ilə bağlı verdiyi məlumat tam mənzərəni əks etdirmir. Reallıqda onkoloji xəstələrin sayı daha çoxdur, nəinki rəqəmlərdə. Çünki müəyyən onkoloji xəstələr var ki, adi klinikalarda müalicə alır, əməliyyat olunurlar.
Onkoloji xəstələr yalnız müəyyən proseduru keçmək üçün Milli Onkologiya Mərkəzinə gəlirlər və qeydiyyata düşmürlər. Bəzən elə xəstə olur ki, əməliyyat olur, növbəti prosedurlarla bağlı Milli Onkologiya Mərkəzinə müraciət etmir, o cür həyatlarını davam edirlər. Buna görə də statistik rəqəmlər reallığı əks etdirmir”.
Onun sözlərinə görə, ölkəmizdə onkoloji xəstəliklərin yaranması üçün parametrlər yüksəkdir:
“Azərbaycanda bütün parametrlər üzrə onkoloji xəstələrin yaranması üçün hər cür şərait var.
İnsanların həyat, istirahət, qida təhlükəsizliyi və əmək şəraitindən tutmuş ekoloji tarazlığına qədər bütün parametrlərdə onkoloji xəstəliklər yaranması üçün hər cür şərait var.
Ona görə də belə bir şəraitdə təbii ki, onkoloji xəstələrin də sayı çox olacaq. Xüsusilə, qidalanmanın, qida kefiyyətinin çox aşağı səviyyədə olması onkoloji xəstələrin sayını artırır”.