YAZARLAR

Sürgün edilən Cümhuriyyət zabiti – “Minlərlə insan çürüyüb ölürdü”

Dilqəm ƏHMƏD

Bir neçə gün öncə Cümhuriyyət dövrü zabitlərindən olmuş Abdulla Şəfiyevin xatirələrini oxudum. Bu il çap edilmiş kitabın tərtibçisi tarix elmləri namizədi İdris Əliyev, elmi redaktoru isə mərhum tarix elmləri doktoru Tufan Axundovdur. Xatirələrin qaynağı isə A. Şəfiyevin oğlu Cağatay bəydir. O, əski əlifbada bir dəftərə yazılmış xatirələri ailə yadigarı olaraq uzun illər qoruyub, nəhayət, çap olunması üçün təqdim edib. Xatirələr 1969-cu ildə qələmə alınıb. Latın qrafikasına AMEA Tarix İnstitutunun orta əsrlər şöbəsinin müdiri Ramil Ağayev transliterasiya edib.

Abdulla Şəfiyev kimdir?

Abdulla Şəfiyev 1897-ci ildə Bakı zənginlərindən Hacı Şəfinin ailəsində doğulub.

Hacı Şəfi 1843-cü ildə Suraxanıda doğulub. Gəncliyində qoyunçuluqla, daha sonra ticarət və neft işləri ilə məşğul olub. Uğurlu fəaliyyətinə görə qısa müddətdə varlanıb, xeyli mal-mülkə sahib olub. 1870-ci ilin ortalarında Bakıya köçüb. 1880-ci ildə həcc ziyarətindən qayıdıb. Bolşeviklərin Azərbaycanı ələ keçirməsindən sonra Hacı Şəfinin də varidatı əlindən alınıb, ona görə də ömrünü Mərdəkandakı bağ evində keçirib. 1933-cü ildə vəfat edib, Şüvəlandakı “Cur-curlar” məscidinin qarşısında dəfn olunub.

No description available.

İbtidai təhsilini Molla Mirzə Babadan və Güney Azərbaycandan olan Mirzə Əbdüləlidən alıb. Daha sonra 5-ci rus-türk gimnaziyasında oxuyub. Təhsilini bitirdikdən sonra bir müddət Suraxanıda “Nəşri-maarif” məktəbində dərs deyib. 1918-ci ildə 4 nömrəli gimnaziyada təhsil alan Şəfiyev hərbçi olmaq istədiyi üçün Gəncədəki hərbiyyə məktəbinə yazılıb, 1919-cu ildə buranı praporşik rütbəsi ilə bitirib, 2-ci Bakı piyada alayında xidmətə başlayıb.

Qeyd edək ki, Hacı Şəfi Kövli oğlunun Şamil adlı oğlu 1905-ci il qırğınlarında öldürülüb. Özü isə 1918-ci ilin mart qırğınlarında Mayılov teatrında ermənilərin əlinə keçib, xeyli pul ödəyəndən sonra sərbəst buraxılıb. Bu hadisəyə görə özünü təhqir edilmiş hesab edən Hacı Şəfi oğlu Abdullanın hərbçi kimi yetişməsini istəyib. Abdulla Şəfiyev Lənkəran, Qarabağ, Tərtər bölgələrindəki döyüşlərdə şücaət göstərib.

Şəfiyev tanınmış müsavatçılardan Əbdülvahab Məhəmmədzadə (Yurdsevər) və Kərbəlayi Vəli Mikayılzadə (həm də qohumu idi) ilə yaxın münasibətdə olub.

1920-ci ildə rus qoşunlarının Bakını işğal etdikdən sonra ölkə ərazisinə doğru irəliləmələri bölgədəki Azərbaycan zabit və əsgərlərinin müqavimət göstərməsinə səbəb olub. Təəssüf ki, bir müddət sonra yetərli gücə sahib olmadıqları üçün Azərbaycan qüvvələrinin bir qismi Osmanlıya, bir qismi Qacar dövlətinə keçməli olublar. Bir qismi isə müxtəlif yollarla Bakıya qayıdıb.

Paytaxta gələnlər bolşevik hökumətinə sızmaq məqsədilə onların içlərində çalışmağı qərara alıblar. Abdulla Şəfiyev və bir neçə dostu da bu yolu seçiblər. O və iki silahdaşı – Abbas Ağayev və Sadiq Hüseynov Göyçay hərbi komissarlığının sərəncamına göndəriliblər. Şəfiyev Göyçay qaraul batalyonunda bölük komandiri vəzifəsinə təyin edilib. Amma bu xidmət qısa davam edib, onu keçmiş Cümhuriyyət zabiti olduğu üçün həbs ediblər. Həbsdən azad olunduqdan sonra mülki işlərdə işləməyin daha təhlükəsiz olacağına qərar verən Şəfiyev müxtəlif idarələrdə mürəttib, tərcüməçi və sair işlərdə çalışıb. Lakin müsavatçıların geniş ovunun başladığı 1923-cü ildə o, yenidən həbs edilib, Bayıl türməsinə salınıb. Onu bu dəfə qohumları, Bakı zənginlərindən Şıx Balayevin yardımı xilas edib, bu dəfə yenidən hərbidə xidmətə başlayıb. Lakin üç il sonra – 17 oktyabr 1926-cı ildə Şəfiyev təkrarən həbs olunub. Bu dəfə o, sovet hökumətinin düşməni elan edilərək yüzdən çox müsavatçının məzarı olacaq Solovki adasındakı düşərgəyə göndərilib. Şəfiyevin xatirələrində bu düşərgə haqqında yazdıqları Azərbaycan tarixşünaslığı üçün olduqca əhəmiyyətlidir. Burada aclıq aksiyasına qoşularaq tutulanların siyasi məhbus kimi tanınmalarına səbəb olanlar arasında o da olub. Kem şəhərinə göndərilən Abdulla bəy tif xəstəliyindən müalicə alıb, daha sonra Qazaxıstana sürgün edilib. Üç il orada qalan Şəfiyev ailəsini də yanına gətirib, lakin daha sonra gizli şəkildə Bakıya qayıdıb, Qala neft idarəsində çalışıb. Lakin bu dəfə köhnə bolşeviklərdən biri onu tanıyıb və ona görə də Şəfiyev növbəti dəfə Qazaxıstana gedib. Qısa müddət sonra yenidən Bakıya qayıdaraq gizli şəkildə atasının bağında yaşayıb.

İkinci Dünya müharibəsi zamanı Bakı kəndlərində yenidən müsavatçı ovu başlanıb. 1942-ci ilin avqust ayında Şəfiyev ailəsi ilə birlikdə bu dəfə də Qazaxıstana sürgün edilib. Müharibənin sonlarına doğru sürgündən qaçaraq Bakıya gəlib…

Beləliklə, ömrünü həbs və sürgünlərdə keçirən Cümhuriyyət zabiti Abdulla Şəfiyev yaşadıqlarını unutmamaq üçün xatirələrini qələmə alıb. Ehtimal ki, o, Sovet dövründə yazdığı bu xatirələrin bir gün ölkəsində çap olunacağına inanmazdı…

Xatirələrdə yazılanlar

Xatirələrində dövrün mənzərəsini dəqiqliklə izah edən Şəfiyev yazırdı: “Rusların hökmranlığı dövründə rus dövləti Azərbaycan xalqına türk milləti deməyə icazə vermirdi. Bizlərə kavkazskiy tatar deyilirdi. İndi isə tatarlığı da əlimizdən alıb Azərbaycan milləti deyirlər…”

Mart soyqırımına şahid olan Şəfiyev gördüklərini bu şəkildə xatırlayıb: “Üç gün ərzində 10 minlərlə azərbaycanlını güllələdilər, evləri yandırıb, bayıra qaçmağa yol verməyib yandırdılar. Bu hadisəni öz gözümlə Bazarnıy küçəsində olan İsmailiyyə qastinədə yanmış insanların şahidi oldum. Şəhər əhli kəndlərə qaçırdılar. Yolda çox hissəsi öldürüldü”.

No description available.

Şəfiyev türk ordusunun Bakını qurtardığını qeyd edib, Osmanlının tariximizdə oynadığı rolu bu şəkildə dəyərləndirib: “Azərbaycana istiqlaliyyət verilməsində Azərbaycan türkləri Osmanlı türklərinə minnətdardırlar. Çünki Azərbaycana müstəqil hökumət şəkli verilməsəydi, hal-hazırda Azərbaycana Rusiya dövlətinin ayrılmaz bir quberniyası adı verilərdi”.

O, hərbi xidmətə yazılmasının səbəbini də bu şəkildə izah edib: “Öz Vətən və millətim başqa millətlərin boyunduruğu altına düşməmək fikri ilə Türk ordusu tərəfindən Gəncə şəhərində açılmış hərbiyyə məktəbinə getməyi özümə müqəddəs bir vəzifə hesab edərək məktəbə daxil oldum”.

Şuşa döyüşlərində iştirak edən Şəfiyev Azərbaycan zabit və əsgərlərinin şücaətindən bu şəkildə bəhs edib: “Cavan Azərbaycan türk əsgərləri bir az əsgəri xidmətdə olmaqlarına baxmayaraq müharibələrdə can-fəda olub böyük şücaət göstərirdilər. Əsgəran qalası alınan zaman mən 5-ci bölüyümlə cəbhə komandanı general Səlimovun yanında idim, sərəncamında olduğum üçün cəbhənin ağır yerlərinə göndərilirdim… Bir qarış ana torpağı almaq üçün əsgər və zabitlər özlərini ölməklə xoşbəxt hiss edirdilər. Topçu kapitan Nəbibəyovun igidliyini gözlərimlə gördüm… General Şıxlınski atdığı top ilə ermənilərin başçısı olan Dəli Kazarın durduğu səngəri yerlə-yeksan etdiyinin şahidiyəm. Həmin müharibədə qolumdan yaralandım, ancaq bölüyü buraxmayaraq Qarabağ müharibəsinin axırına qədər iştirak etdim”.

Bolşeviklərlə döyüşdən sonra Azərbaycan ordusunun bir qismi Cənubi Azərbaycana keçib, Qaradağ, Əhər, Təbriz şəhərlərini dolaşıb Naxçıvana gediblər. Azərbaycanın güneyində olduqları müddətdə bir sıra xanın ərazilərindən keçməli, bəzi yerlərdə onlar döyüşə girməli olublar, bəzi yerlərdə isə hörmət görüblər. Maraqlıdır ki, Şəfiyev burada Böyük xan adlı mülkədarın torpağından keçdiklərini yazıb. Həmin Böyük xan haqqında mühacirətə getmiş digər cümhuriyyət zabiti Yavər Şəkili xatirələrində daha geniş məlumat verib.

Şair Əmin Abidin “buzlu cəhənnəm” adlandırdığı Solovki adasındakı sürgün günləri haqqında Şəfiyev dəhşətli mənzərələr təsvir edib: “O cəzirələrdə on minlərlə məhbus yaşayırdı… Burası dəhşətli bir cəhənnəm idi. Məhbuslar dəstə-dəstə ayrılıb meşələrin dərin yerinə şalban hazırlamaq üçün göndərilirdilər. Normanı doldurmaq çox çətin idi. Hər bir hissə 10-80 ağacı qırıb şalban halına salmalı idi. Normanı yetirməyənlər böyük cəza alırdılar. Dustaqlar çox vaxt işdən azad olmaq üçün balta ilə əllərini kəsirdilər. Lazımi qədər yemək olmamasından sinqa deyilən xəstəliyə düçar olurdular. Minlərlə insanın dişləri tökülüb bədəni çürüyüb ölürdülər. Çox vaxt türmə dolanda məhbuslar çılpaq halda ağaclara bağlanırdı ki, ağcaqanad onları yesin”.

Xatirələrdə Şəfiyev QPU-nun onu rahat buraxmaq üçün etdikləri təklifdən də bəhs edib. Ona bildirilib ki, günahlarının yuyulması üçün qəzetdə məqalə yazıb müsavatçıların “xain və yalançı” olduğunu qələmə almalıdır: “Mən başqasını satmağa qabil deyiləm, ondan əlavə insan məsləkinə toxunmaq böyük qəbahətdir deyə təklifləri rədd etdim. Belə nanəcib vəzifəni ancaq əsilsiz insan edər”.

No description available.

Xatirələrində gözünün önündə şəhid olan müsavatçıların adlarını yazan, sürgün yollarında məhv olan həyatları göstərən Şəfiyev, nəhayət, rahatlığa qovuşduğu tarixi də qeyd edib: “Bu minval ilə 1953-cü il gəldi. Stalin öləndən sonra QPU ləğv olundu, məsul işçilər işdən kənar edildi. O gündən sonra asudə nəfəs almağa başladım”.

Şəfiyevin xatirələrində bir sıra Cümhuriyyət zabitlərinin adları çəkilib. Onlar arasında Qarabağ və Lənkəran döyüşlərində igidliyi ilə ün qazanmış Həbib bəy Səlimovun adı xüsusilə qeyd edilib. Oğlunun xatirələrinə görə Şəfiyev sonralar bir neçə yaxın adamını toplayaraq Səlimovun ruhuna Quran oxudurmuş…

Abdulla Şəfiyev 1973-cü ildə vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir