YAZARLAR

Nizamidə Xeyir və Şər ideyalarının ulusal ifadəsi

İŞIQLI ATALI

1-ci yazı

Nizami Gəncəvinin yaradıcılığı dastan bədiyyatçılığının zirvəsidir. Dünyaya, həyata, insana bu dərəcədə aydın, yetkin, dərin müşahidəçi şeiriyyətli baxış çağımızda da əvəzsizdir. Onun yaradıcılığının özülündə Şərqin zəngin fəlsəfi-poetik ənənələri durur. Nizaminin böyüklüyü ölməz ənənə yaratmasındadır. Onun yaradıcılığında eşq mövzusu əsas aparıcı bir yöndür. O, eşq adlı ülvi hadisənin insanı daxilən, ruhən təmizlədiyinə inanır, bu ilahi duyğu ilə yaşamağın qaçılmazlığını önə çəkir.

Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,

Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz.

Yaxud:

Sənsiz ölürəm, nigar, tez gəl,

Ömrüm başa yetdi, yar, tez gəl.

Bu, insanın başqası üçün özündən keçməsidir. İnsan başqası üçün yaşayanda var olur. Özündən keçmə – sevginin əlifbasıdır əslində. Nizaminin lirik qəhrəmanı daxilən yetkindir, sevginin mahiyyətini bütün varlığıyla anlayır, duyur. Ona görə ki, bu cür yaşam onun üçün nəfəsdir. Bu ilahi duyuma yetmək, duyğu zirvəsində eşqi car çəkmək Nizaminin ulusal (xəlqi) imkana varmasıdır. Bənzərsiz insanların ulusal ölçüdə yaradıcılığı onların həm də tükənməz bəşəri imkan qaynağı, sorağı olmalarıdır.

Nizami Gəncəvi bu ulusal imkana yetdiyi dərəcədə bəşəriliyini əsərlərində ifadə etməyi bacardı. Onun əsərlərinin dili farscadır, başqa tərəfdən, zahirən ulusallığından daha çox bəşəri görünür, ancaq bu və başqa cəhətlər onun Azərbaycan ruhuna mənsubluğunu inkar edə bilmir. Təbiidir ki, uzun müddət, elə indi də Nizami Gəncəvinin Azərbaycan-türk hadisəsi olmadığı ilə bağlı fikirlər səslənir. Ancaq bu qənaətlərin mənəvi, üstəlik də elmi əsası yoxdur.

Ulus beşgünlük hadisə olmayıb, yaradıcıdan öncə də, sonra da var olan, mahiyyətcə yetkin fərdlərin yaradıcılığının, yaşamının ifadəsi kimi meydana çıxır. O deməkdir ki, ulus adlı olay Nizamini yetirdiyi dərəcədə Nizami də bu hadisənin – ənənənin təsdiqi, davametdiricisidir.

Nizaminin aşiq obrazı ilahi dözümlüdür, sədaqətlidir, deməli, həm də səadətlidir, ləyaqətlidir. Bu cəhətlərin Azərbaycan-türk ruhunda özünəməxsus yaşam ifadəsi, tarixi-ulusal ənənəsi var. Bəşəri duyğuların ulusal təsdiqləri olmasa, insanlıq var olmaz. Nizami öz çağında canlı, yaradıcı insan olaraq bu ilahi keyfiyyətlərimizin yüzillərlə ötürülməsində bənzərsiz rol oynayıb. Onun tarixdən götürdüyü obrazlar Azərbaycan-türk düşüncəsinin həm də bəşəri ölçüsündə düşünür, davranır. Tarixdəki obrazları fərqli təqdim edə bilmək qabiliyyəti yaradıcının misilsiz bacarığıdır. Başqa qəhrəmanları, ümumən obrazları haqqında da bunu demək olar. Bu da təbiidir. Yaradıcılıq özünəməxsusluq tələb edir. O deməkdir ki, Nizaminin yaratdığı Nizaminindir, eləcə də Nəsiminin yaratdığı Nəsiminindir, Xətayinin yaratdığı Xətayinindir, Füzulinin yaratdığı Füzulinindir və b.

“Sirlər xəzinəsi” ləyaqət, ədalət, doğruluq carı çəkir. Nizami ədalətsizliklə barışmır, insanın ilahi imkanlarına inanır, zəhmətsevərliyi, hünərvərliyi vəsf edir. İnsan gərək paxıl olmasın, başqasının uğuruna sevinməyi bacarsın… Bu, böyük şairin əxlaq ölçüsünü aydınlıqla təsdiq edir. Onun ölçüsündə insanın ölümü mərdliklə qarşılamasının gərəkliyi ayrıca vurğulanır.

Nizaminin şair-mütəfəkkir dünyasına baş vuran oxucu dünyanın mürəkkəbliyini, ziddiyyətliyini bütün çalarlarına, incəliklərinə kimi anlayır. Bu, Nizaminin çağımızda da davam edən, Azərbaycan ruhunu – mənəviyyatını, əxlaqını, davranışını, mədəniyyətini, inamını, idrakını təsdiq edən müəllimliyidir.

Nizaminin “Xosrov və Şirin”i ideal məhəbbət dastanıdır. Burada eşqin yüksək bədiyyat ölçüsündə ifadəsi diqqəti çəkir. Nizami Xosrovu dayanmadan tərbiyə edir, sonda Şirinin ilahi sevgisini anladır. Şirin ləyaqət, ismət rəmzi olur. Nizaminin ilahi müəllimlik keyfiyyətlərindən biri budur.

“Leyli və Məcnun”da qeyri-adi, zamanın ölçülərinə sığmayan eşqin şahidi oluruq. Nizaminin Məcnunu mətanətə yüksəlir, aşiqlik qismətini dərindən anlayır, ilahi aqibətinə yetir. Ümumiyyətlə, Nizami obraz yaratmaqda mahirdir. Bu obrazlar ayrı-ayrılıqda həyatın Xeyir-Şər anlayışlarını, keyfiyyətlərini bütün aydınlığı ilə ifadə edirlər. Nizaminin müsbət qəhrəmanları ciddilik üstə kökləniblər, insanlığın xalisidirlər, cəfakeşdirlər, fədakardırlar, həm də vəfalıdırlar. Onlar sevdikləri üçün yaşaya, onun uğrunda ölə bilirlər. Əsl məhəbbət budur.

“Yeddi gözəl”də Nizami Bəhramı həyatın bütün acı-ağrılarından səbirlə keçirərək, həqiqəti anladır: mənəvi böyüklüyə yetmək istəyən şəhvaniliyi ötməlidir. Əxlaqlı olmaq – insanlığa zidd olanlardan imtinaya çatmaqdır həm də. Nizaminin İsgəndəri tarixdəki İsgəndər deyil, Nizamininkidir. Azərbaycanı təmsil edən Nüşabənin dünyanın fatehi İsəndərə dərs keçməsi əslində Nizaminin dərs keçməsidir. Nizaminin İsgəndərinin sonda filosofluğa yüksəlməsi Nizami bədiyyatının, görümünün əbədi təsdiqidir. Şair bununla fatehliyin ötəri, keçici, insanlığın, həqiqətə yetməyin əbədi istək olduğunu anladır. Nizami iç dünyasını yaratdığındandır ki, qəhrəmanlarını da yarada, onların vasitəsilə təzadlı dünyanın əksinə olaraq ideal dünyasını təsvir, təqdim edə bilir.

Nizami konsepsiyasının özülündə insana sevgi durur. Bu sevginin ifadəsi o dərəcədə canlı, yaşarı, bədiyyatlıdır ki, indi də dünyanın istənilən ölkəsində oxunarkən bəşəri duyğuların yetkin ifadəsi olduğu görünür, bilinir. Hər şeydən öncə, Nizami Gəncəvi Azərbaycan ruhunun, mənəviyyatının bənzərsiz bəşəri ifadəçisi, çağından yüksək yaradıcı olay kimi diqqəti çəkir.

Nizaminin “Yeddi gözəl” poemasına daxil olan “Xeyir və Şər” hekayəsindəki Xeyir və Şər obrazlarının mifoloji qaynağını araşdırdırmaq çağımız və bundan sonrakı dönəm üçün olduqca gərəklidir. Ona görə ki, Nizaminin ulusallığının tam, hərtərəfli sübutu bu mifoloji açarla bağlıdır.

Xəlqi düşüncədən gələn, folklorda obrazlaşan Xeyir və Şər ideyaları indi də dünya dinlərinin, fəlsəfi düşüncəsinin özülündə durur. Nədən bu ideya belə aparıcıdır? Ona görə ki, insan özünü anlayandan dünyanın mahiyyətində bu iki ideyanın durduğuna inanılıb. Bu ideya Zərdüştün “Avesta”sında mənalandırılıb. Əslində, dünya dinlərinin, fəlsəfələrinin Xeyir və Şər ideyalarından yaradıcı bəhrələnməsi və ifadəsi “Avesta”dan başlayır.

Nağıllarda Xeyir və Şər obrazları var, kökü qədim xəlqi düşüncəmizdən gəlir. Nağılçılıqda bu və ya başqa gözəl istəyin gerçəkləşməsi üçün qəhrəman tələb olunur, ondan umulan tələblər var. Hər şeydən öncə, qəhrəman düşüncə yiyəsidir. Qəhrəmanın obrazını ağılda, düşüncədə xalq ruhuna uyğun olaraq söyləyici yaradır, yaşadır. Ənənə beləcə qırılmır. Bu obraz Məlikməmməddirmi, Nərbaladırmı, Cırtdandırmı? Hər birində nağıl qəhrəmanının çox, ya bütün cəhətləri var. Nağıl düşüncəsi qəhrəmanın istər-istəməz çətinliyi aşmasını tələb edir. “Məlikməmmədin nağılı”nda Məlikməmməd quyudan çıxmaq üçün çalışır: qəhrəman, ya da yarımqəhrəman olduğunu sübut etməlidir. Nə qədər ki Məlikməmməd özünü qəhrəman olaraq sübut etməyib, onun haqqında təsəvvürümüz tam deyil. Xalq düşüncəsində qəhrəmandan bütövlük umulur. Nağıl düşüncəsində yarımçıq qəhrəman mahiyyətcə yalançı qəhrəmandır. Nağıl dünyasında qəhrəman gedişatın düzənini dəyişir.

Nağıllarda Xeyir və Şər ideyalarının bir-biriylə döyüşünün şahidi oluruq. Xeyir işığı, Şər qaranlığı təmsil edir. Nə qədər qatı olsa da, qaranlığın yarılacağına nağıllarda qəti inam var. Nağıllarda bütöv qəhrəman doğruçu, tərəddüdsüz, yəni qətiyyətli, yarımçıq qəhrəman yalançı, tərəddüdlü, yəni qətiyyətsizdir. Azərbaycan nağıllarında əsl qəhrəman tilsimi qırır, çətinlikləri aşır, səadətə yetir, yetirir.

Nağıl düşüncəsi şübhəsiz, öncədir. Ancaq Zərdüşt tərəfindən “Avesta”da Xeyir və Şər ideyalarının mənalandırılması nağıllarımızdakı bu əsas yönün söyləyici ağlında, yaddaşında cilalanmasına səbəb olub. Ümumiyyətlə, bu və ya başqa folklor janrında az-çox dərəcədə Xeyir və Şər ideyalarının ifadəsini görmək olur. Azərbaycan folklorunda bu ideyaların müəyyən hallarda dərinlərə çəkilməsinin, başqa biçimlərdə aşkarlanmasının səbəbi qədim Tanrıçılıq, sonradan Zərdüştçülük ideyalarından əl çəkilməsi, bu təsəvvürlərin, ümumiyyətlə, dünyabaxışların yerini İslam diniylə bağlı təsəvvürlərin tutmasıdır.

Azərbaycan muğamlarında Xeyir obrazı var. Bu, ardıcıl olaraq özüylə döyüşən, daxilən təkmilləşən, kamilləşən Xeyir xilaskarlığını təsdiq edən, Şərdən arınan kamil insandır. Azərbaycan muğamlarında insanın Şərdən arınması, bütövləşməsi xətti aydınca görünür, bilinir. Bütövlüyə yetən kamiilləşəndir, yarımçıqlıqdan qurtarandır. Muğamların hamısında bu yön var, ayrıca olaraq “Çahargah” dəstgahında – sonda (“Mənsuriyyə”də) tam mənəvi təmizlənməni müşahidə edirik.

Deməli, xəlqi düşüncəmizdə obrazlaşan Xeyir və Şər ideyalarının ifadəsi ardıcıl olaraq əhvalımızda özünü göstərir. Hissin, duyğunun inkişafı Xeyirə doğrudur, Şərə deyil. Belə bir möhtəşəm özül (təməl) ideya xalq olaraq ruhumuzu yönləndirir, hər cür çətinliklərdən qurtulmağa bizə kömək edir.

Azərbaycan Sazında Xeyir obrazı varmı? Əlbəttə, var. Azərbaycan muğamlarında izlədiyimiz daxilən (içdən) təmizlənmə yönü özünü Sazda (Aşıq sənətində) Tanrıçılığın yenilməz ifadəsi səviyyəsində göstərir.

Sazın səsi əslində obrazlı desək, Xeyirin səsidir. İnsan təbiətdəki səsləri kəşf edir, yönləndirir, mənalandırır. O deməkdir ki, bəşər əlvanlığının ifadəsi olan hər bir xalqın Xeyir və Şər ideyalarının ömründə ifadəsi ilə bağlı yanaşması var. Şişirtmədən demək olar, xalqımızın bu ideyalarla bağlı yanaşması daha dərin, yetkin özünüifadəyə əsaslanır. Fəlsəfi poeziyada, musiqidə, incəsənətin müəyyən sahələrindəki özünüifadəmiz buna parlaq örnək ola bilər.

Bəs Tanrıçılıq-Zərdüştçülük birliyi varmı, varsa, özünü necə göstərib? Xeyir və Şər ideyasının obrazlaşdırılmasına Zərdüştün “Avesta”sında rast gəlirik. Xeyir obrazında Hürmüzd, Şər obrazında isə Əhrimən çıxış edir. İdeyanın obrazlaşdırılmasının dünyabaxışından bədiyyata – poeziyaya gəlməsinin ən gözəl örnəyi isə Nizami yaradıcılığıdır. Ümumiyyətlə, Nizami yaradıcılığında Zərdüşt ideyalarının ifadəsinə çox rast gəlirik.

Nizaminin Zərdüşt ideyalarına əsərlərində bu dərəcədə geniş yer verməsinin səbəbi nədir? Nizaminin türklüyü danılmazdır, Azərbaycan alimlərinin bu yöndə araşdırmaları var, son illərdə bu məsələ daha geniş xarakter almaqdadır. Yəni Nizami yaradıcılığında Zərdüşt ideyalarına geniş yer verilməsi şairimizin fars düşüncəsinə “meyillənməsi” ilə izah oluna bilməz. Düzdür, araşdırmaçılar Nizaminin bəşər mədəniyyətindən soraq verən bütün dünyabaxışlara əsərlərində bərabər səviyyədə meydan verdiyini vurğulayırlar. Ancaq Zərdüştlük ideyalarına meyillilik istər-istəməz maraq doğurduğundan, bu məsələnin üzərindən saymazyana keçmək olmur.

İnam Ata (Asif Ata) “Avesta”nı işıqpərəstlik, mənəvi təmizlik ünvanı sayır, ayrıca vurğulayır ki, od “Avesta”da işıq rəmzidir, qaranlığa qarşı işıqdır. “Avesta” Əhrimənə qarşı Hürmüzd işığıdır, çirkə qarşı təmizlikdir – təmizlənmə, işıqlanma təlimidir: “İlkin Xeyir-Şər döyüşüdür, təzadlar münaqişəsidir, peyğəmbərlik vəhyidir, fəlsəfi idrakdır, ruhani bədiiyyatdır, Buddadan əvvəldir, Platondan əvvəldir, Şərqçiliyin əzəli mahiyyətidir, müqəddəs nikbinlikdir. “Avesta” Midiya mədəniyyətinin zirvəsidir, midiyalılar Şumer mədəniyyətinin davamıdır, “Avesta”nı Zərdüşt yaradıb – Şumer ənənələri əsasında; şumerlilər – turanlılar, türklərdir…”.

“Yeddi gözəl”ə daxil olan “Xeyir və Şər” hekayəsinin nəzərdən keçirilməsi göstərir ki, burada Xeyir və Şər ideyaları Nizami görümündə özünəməxsus obrazlaşdırılıb, ayrı-ayrı şəxslər kimi təqdim olunurlar. Folklordan – xalq düşüncəsindən gələn, Xeyirə rəğbət, Şərə nifrət duyğusunun ifadəsini burada bütün aydınlığı ilə görürük. Azərbaycan folklorunda xeyirxahlıq, fədakarlıq kimi cəhətlər daim diqqəti cəlb edir, habelə xəyanət, alçaqlıq kimi cəhətlər yamanlanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir