İtil Ural Bulqarları
Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
II Yazı
Kasım xanlığı
Kasım xanlığı Oka çayının şimal sahilində Ryazan şəhəri yaxınlığında bugünki Kasimovda (Xankirmən) Moskva knyazlığını nəzarət altında saxlamaq üçün Kasım xan tərəfindən qurulmuş türk-tatar (bulqar-bolqar) dövlətidir. Xanlıq adını ilk xanı olan Kasım xandan almışdır.
1445-1681-ci illər arasında mövcud olan dövlət müxtəlif xanədanlara mənsub olan xanlar tərəfindən idarə olundu. Kazan xanı Uluğ Məhəmməd oğlu Kasıma Rusiyanı daha yaxından nəzarətdə saxlamaq məqsədi ilə Kasım xanlığını qurmuşdu.Bu xanlığın xalqını türk-tatarlar və fin əsilli mordvinlər təşkil edirdi.
Bu xanlığın mərkəzi Moskvanın cənub-şərqində Oka çayı üzərindəki Kasım (Kasimov) şəhəri idi. Quruluş qayəsinə uyğun olaraq Moskvanı hər baxımdan nəzarət altında saxlayırdı. Moskva knyazları arasında taxt qovğalarında son sözü söyləyir və eşitdirirdi. Moskva da onu rəsmən tanımaqda və illik vergisini verməkdəydi. 1679-cu ildə sonuncu xan Seyyid Burhanın ölümündən sonra iki il Fatma Sultan Bikə tərəfindən idarə olunsa da onun ölümü ilə xanlıq tamamilə Rusiya tərəfindən ilhaq edildi.
Kazan xanları xanədanı:
1.Kasım (1445-1468)
2.Danyal (1468-1486)
(Osmanlı Dövlətinə tabe) Krım xanları xanədanı:
1.Nur Devlet (1486-1491)
2.Satılqan (1491-1506)
3.Canbəy (1506-1512)
Qızıl Orda xanədanı:
1.Seyyid Evliya (1512-1516)
2.Şah Əli (1516-1519)
3.Can Əli (1519-1532)
4.Şah Əli (yenidən,1532-1567)
5.Sayın Bulat (1567-1573)
6.Mustafa Əli (1573-1600)
Kazax xanədanı:
1.Uraz Məhəmməd (1600-1610)
Sibir xanları xanədanı:
1.Alp Arslan (1610-1627)
2.Seyyid Burhan (1627-1679)
3.Fatma Sultan Bikə (1679-1681)
Bulqarların həyatda qalmaq mücadiləsi
Rusiyada şərq ölkələri ilə bütün işlər türk-tatarlar vasitəsilə aparılır.Türk-tatar generalları rus qoşunlarına komandanlıq edir və dövlət xidmətində olan adamlar kimi mükafat olaraq mülk və təhkimli kəndlilər alırdılar.Türk-tatarlar şüurlu olaraq bu fürsətdən faydalanmağa və hökmranlıq mövqelərini ələ keçirməyə çalışırdılar.Bunun sayəsində çox qısa zaman ərzində Rusiyanın özündə türk-tatar murzaları və mülkədarlarının böyük və güclü təbəqəsi yaranmış oldu.
Moskva bu təbəqədən qorxaraq onu zəiflətməyə çalışır və bu məqsədlə 1628-ci ildə müsəlman mülkədarlarının xristian təhkimli kəndlilərə malik olmasını yazaqlayan xüsusi fərman verilir.1648-ci ildə isə həmin fərman daha sərt təsbitlərlə təkrarlandı;əlavə olundu ki,xristianlığa keçmiş müsəlman mülkədarların təhkimli kəndliləri onların ixtiyarında saxlanılır.Türk-tatar soyadı daşıyan çoxsaylı boyarlar məhz həmin fərmanın çıxmasından sonra peyda olmuşdur.
Moskvanın bu sayaq siyasəti işğal olunmuş ölkəni sakitləşdirə və itaətə gətirə bilməzdi-əksinə bu düşmənçiliyi daha da gücləndirdi və Razin üsyanı alovlananda bütün türk-tatar əhalisi üsyançıların tərəfində idi. Razinin qərargahında türk-tatarlar vardı (məsələn, Asan Bikbulatov), onlar Stepan Razinin adından Kazanlıları Razinə qoşulmağa və Moskvaya qarşı “onunla birlikdə olmağa” çağırmaqla türk-tatar dilində məktublar yazırdılar.Bax buna görə knyaz Baryatinski cəza dəstəsi ilə mühasirədə olan Simbirsk şəhərini xilas etməyə gedəndə Kazan çayının mənsəbində türk-tatarlarla dörd dəfə ciddi döyüşə girməli olmuşdu.
Zorakılıq və terrorun üsyanlar və müstəqillik uğrunda mübarizələrlə əvəz olunduğu bir ölkədə normal iqtisadi və üstəlik də mədəni inkişafdan söhbət belə gedə bilməz.Bütün bunlara onu da əlavə etmək olar ki, Kazanda 1672 və 1694-cü illərdə baş vermiş yanğınlar bütün şəhəri məhv etdi və türk-tatarların əllərinin zəhməti ilə yaranmış bu şəhər öz milli simasını itirmiş oldu. Dağıntılar və qırğınlar nəticəsində yalnız evlər, kitabxanalar,təhsil müəssisələri deyil, həm də bir çox tarixi sənədlər də alovlarda yanıb kül oldu.Bu səbəbdən köhnə, mədəni türk-tatar Kazanının tam mənzərəsini təsəvvürə gətirmək bu gün mümkün deyil.
XVII yüzil türk-tatarlar üçün bax belə bir ağır şəraitdə ötüb keçdi, yenicə başlanan XVIII yüzil də yaxşı heç nə vəd etmirdi. XVIII yüzil “mütərəqqi” I Pyotrun (1682-1721) türk-tatarların həm milli, həm dini, həm də iqtisadi baxımdan simasızlaşdırılmasına yönəldilmiş repressiyaları ilə açıldı. Rus siyasətçisinin bu çalışmaları özünün ən yüksək inkişaf səviyyəsinə Yelizavetanın çarlığı zamanında çatdı. O vaxtlar xaçpərəstliyə “Yeni Qəbuletmə Kontoru”adı altında fəaliyyət göstərmiş və qrumun ixtiyarında hətta silahlı dəstələr belə vardı.
Bu gerçəkdən müsəlman ruhaniləri sərt cəzalara məruz qaldılar,rus kolonistləri və monastırlarına verilməkdən ötrü türk-tatar kəndlilərinin torpaqları müxtəlif bəhanələrlə camaatın əlindən alınırdı. Özü də türk-tatarlar arasında müstəqillik ideyalarını kökündən qoparıb atmaqdan ötrü hətta Kazan xanlığının zahiri müstəqilliyi belə məhv edildi. O, xüsusi canişin tərəfindən idarə olunur və Moskvadakı xüsusi “Kazan prikazının” tabeçiliyində idi. I Pyotr zamanında quberniyalar yaradıldığı vaxt Moskva “fürsətdən istifadə etdi” və qubernatoru başda olmaqla Kazan quberniyası yaratdı.Bu sürətlə indiyədək rəsmən “Kazan xanlığı” adlandırılan ölkə “Kazan quberniyası”na çevrilmiş oldu.Həmin “islahatın” nəticəsində XVIII əsrin başlanğıcında keçmiş Kazan xanlığı hətta kağız üzərində qalmış müstəqilliyini belə itirdi.Hökumətin belə hərəkətinə türk-tatarlar (bulqarlar) üsyanla cavab verdilər.1708-ci ildə üsyançılar hökumət qoşunlarını darmadağın edib, Kazana yaxınlaşdılar və onu ələ keçirdilər.O zamankı Kazan üsul-idarəsinin məlumatlarından bəllidir ki, bütün “yadmənşəli” kəndlilər üsyançılara qoşulublarmış.Bu sürətlə türk-tatarlar qısa müddət üçün olsa da, Kazan xanlığının müstəqilliyini bərpa edə bilmişdilər.Tələm-tələsik böyük bir ordu təşkil edə bilmiş I Pyotr Kazanı geri aldı. Məğlubiyyətə uğramışların etibarsızlıqlarını duyaraq o, qeyri-rus əhalisinə, xüsusən də türk-tatarlara qarşı həm Rusiyanın özündə, həm də onun ordusunun tutduğu ölkələrdə insanlığa yaraşmayan soyqırımlar və qətllər tətbiq etməyə girişdi.
1713-cü ilin fərmanı ilə I Pyotr “tatar xidmət adamlarının” imtiyazlarını ləğv etdi, özü də həmin fərmanda belə deyilirdi:” Böyük hökmdar Kazan və Azov quberniyalarının Məhəmmədi dinindən olan mülk və torpaq, xristian dinindən olan iş adamlarına sahib basurmanlarına göstəriş vermişdir ki, onlar,basurmanlar yarım il ərzində xaçpərəstliyi qəbul etsinlər, xaçpərəstliyi qəbul edənlərsə,mülk və torpaqlarına əvvəlki tək sahib olarlar, əgər yarım il ərzində xaçpərəstliyi qəbul etməmiş olsalar, mülk və torpaqları adamlar və kəndlilərlə birlikdə müsadirə edilsin,böyük hökmdarın fərmanı olmadan heç kəsə verilməsin”. Lakin bu fərman məqsədinə çatmadı,yerli idarəçilər yuxarılara məlumat verirdilər ki, xaçpərəstliyi qəbul etmək istəyində olanlar çox azdır.Fərmanın mənfi nəticəsi isə çox böyük idi. Ancaq hökumət bütün bunlara baxmayaraq,öz siyasətini yürütməkdə idi. Məsələn, 1718-ci il 30 yanvar tarixli fərmanla 15 yaşından 60 yaşınadək bütün murzalar və “yadmənşəli” xidmət adamlarını xüsusi inşası üçün meşələrin doğranması və daşınması üzrə məcburi işləri yerinə yetirməkdən ötrü Admirallıq kontorunun ixtiyarına verilmişdilər.Yeni yaradılmış sinif təhkimliliyin təzə bir növündən ibarət idi,bu katorqa işi o qədər ağır idi ki, xalq arasında “laşmanlar” adlandırılan bu adamlar bütöv bir əsr ərzində öz azadlıqları üçün çarpışmışdılar. Daha sonra 1722-ci il 19 yanvar fərmanı ilə 10-12 yaşlarından yuxarı bütün türk-tatar oğlanlar hərbi xidmətə cəlb olunurdular (onlar kantonistlər adlanırdı). 1731-ci ildə yeni fərman verildi, onda deyilirdi ki,”bütün Kazan quberniyasında pravoslav dininin qəbul edildiyi uyezdlərdə təzəlikcə xaçpərəstliyi qəbul edənlərin əvəzində bütün vergilər və rüsumlar əvvəlki məzhəblərdə qalmışlardan tutulsun”.Bundan başqa xaçpərəstliyi qəbul edənlər rekrutçuluqdan azad edilir, onların əvvəzində əvvəlki məzhəbində qalanlar rekrutluğa cəlb olunurdular. Hökumətin bu repressiyalarına türk-tatarlar üsyanla cavab verdilər.Bu üsyanlara tarixdə İlmək Abaz (1735) və Qara Saqqal (1739) üsyanları kimi bəllidir. Həmin üsyanlar amansızlıqla yatırıldı. Türk-tatarların təqibi və sıxışdırılması ikiqat qüvvə ilə davam etdirildi.”Böyük Pyotrun nəccib qızı “ nın Yelizaveta Petrovnanın (1741-1762) zamanında “xaçpərəstliyi qəbuletmə kontorunun” açılması ilə türk-tatarlar üçün ağır günlər başlandı. Çariça “yad mənşəlilərin maariflənməsinə” yamanca səy göstərirdi. ”İxtiyarında silahlı dəstələr olan xaçpərəstliyi yeni qəbuletmə kontoru müsəlmanlar üzərində onları bir neçə adamın xaçpərəstliyi qəbul etmiş olduğu kəndlərdən köçürmək (təzəlikcə xristianlığı qəbul etmişləri məhəmmədilər və ya bütpərəstlərdən qorumaq bəhanəsi ilə), xaçı qəbul edənlərin vergilərini qəbul etməmişlərdən tutmaq,müsəlmanların uşaqlarını pravoslavlıq ruhunda tərbiyə etmək üçün əllərindən almaq və sairə kimi böyük zorakılıqlar edirdilər” (Vorobyov).Bunu göstərmək kifayətdir ki, həmin təzə xaçpərəstliyə qəbul kontorlarının qərarına əsasən,1742-ci ildə təkcə Kazan uyezdində 546 məsciddən 418-i uçurulmuşdu. Müsəlman ruhaniləri ölkənin hüquqsuz ünsürünə çevrilmişdilər.
Türk-tatar ticarət-sənaye sinfinin vəziyyəti də çox ağır idi.Onları sıxışdıran qanunlar verilmişdi. Həmin qanuna görə,yalnız tacir təbəqəsinə aid olan adamlar ticarət işləri ilə məşğul ola bilərdilər.Lakin həmin təbəqəyə yazılmaq çox çətin idi.
Bu sayaq repressiv siyasət sayəsində türk-tatarlar həyatın sahələrində Moskvanın görünməmiş zülmünə düçar olurdular.Bütün bunlar yeni üsyan üçün psixoloji zəmin hazırlamaqda idi.Bununla yanaşı,qeyd etmək gərəkdir ki, yeni xaçpərəstlərin qəbul kontoru xüsusi olaraq,türk-tatarların xristianlaşdırılması üçün açılmışdı,çünki ruslara görə “tatarlar çox yaramazdılar və müqəddəs xaçın qəbul olunmasına getmirlər”. Ancaq həmin zülmü keçmiş xanlığın fin-uqor və çuvaş əhalisi də hiss edirdi,onlar ölkələnin müstəqil olduğu zəmanlarda tam hüquqlu vətəndaşlar idilər, din və mədəniyyət sahəsində tam sərbəstlikdən faydalanırdılar. Ölkə ruslar tərəfindən işğal edildikdən sonra isə,xüsusən də XVIII əsrdə fin-uqor və çuvaş əhalisi “yadmənşəli” xalqlar kimi türk-tatarların taleyini bölüşdürəsi oldular.Bu xüsusat keçmiş xanlığın yadmənşəli əhalisinin daha da yaxınlaşmasına səbəb oldu. Əgər Kazan xanlığının müstəqil olduğu günlərdə finlər və türk-tatarlar bir-birlərinin bir sıra mədəni xüsusiyyətlərini tədricən və mexaniki olaraq qəbul edirdilərsə, Rusiya zülmü və zorakı xristianlaşdırma günlərində fin-uqor əhalisi ruslara müxalifət naminə, türk-tatarların adət və ənənələrini şüurlu olaraq əxz etməyə başladılar. Məsələn,Ufa quberniyası mariləri bütpərəst olaraq qalmaqla türk-tatarların dilini və zahiri görkəmlərini qəbul etdilər.Belə misallar çox çəkmək olar (məsələn mordva-qarataylar, qarataylar,ostyaklar və sairə). Çuvaşlar isə nəinki tatarların əxlaq və adətlərini qəbul etdilər,həm də bir çox yerlərdə hətta islama keçdilər.Bu surətlə zorakılıqla ondan qoparılmış soydaşlarının əvəzində türk- tatarlar yeni dostlar qazanmış oldular. Məhz buna görə də, Puqaçov üsyanı alovananda türk-tatarlar öz itirilmiş müstəqillikləri üçün bu hadisədən istifadə etmək məqsədi ilə Puqaçovla danışığa girdilər. Puqaçov Kazan xanlığının müstəqilliyini prinsipcə tanımağa razılaşdığından türk-tatarlar başda olmaqla ölkənin bütün yadmənşəliləri 1774-cü ilin aprelində Puqaçova qoşularaq ümumi qüvvələri ilə Kazanı aldılar. Hündür bir yerdən puqaçovçuların Kazan altındakı hərəkətlərini müşahidə etmiş tacir oğlu Suxorukov tarixçi Fuksun şəhadətinə görə,yaxşıca görə bilmişdi ki, “Puqaçovun qoşunu əksəriyyətlə tatarlar,başqırdlar, çuvaşlar və kazaklardan ibarətdir”. Odur ki, hökumət qoşunları ilə bütün döyüşlərdə həm ölü, həm də yaralı olmaqla türk-tatarlar böyük itkilər vermişdilər. Hökumət qoşunları Kazanı geri alan vaxt 2000-dən çox türk-tatar meyiti tapılmışdır. Salavat Yulayev və Kinzya Arslanov adları indiyədək xalqın yaddaşında yaşamaqdadır.
Ardı var.